Azərbaycan Milli QHT Forumu (MQF) tərəfindən həyata keçirilən "2013-cü il ərzində regionlarda sağlamlıq imkanları məhdud insanların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işinin təşkili" layihəsi çərçivəsində növbəti tədbirlər Zaqatala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində və Balakən rayon Qullar kənd bələdiyyəsində keçirilib. MQF-dən SİA-ya verilən xəbərə görə, tədbirdə MQF-nin Zaqatala rayon koordinatoru Asif Bayramov, Zaqatala rayon ƏSMM-nin əməkdaşı, MQF Balakən rayon koordinatoru Nəsibə Hudulova, Balakən rayon ƏSMM-nin əməkdaşı, QHT nümayəndələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan MQF-nin prezidenti Rauf Zeyni MQF haqqında, QHT-lərin inkişafı, vətəndaş cəmiyyətinə dövlət dəstəyi, QHT-hökumət münasibətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstək verdiyi layihələr, regionlarda əlillərə və sağlamlıq imkanları məhdud şəxslərə qayğı mərkəzlərinin yaradılması haqqında ətraflı məlumat verib.
Daha sonra layihə haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edib ki, layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilən bütün sosial-iqtisadi, şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək, həmçinin onların ləyaqətinə hörmət edilməsini təmin etmək və eyni zamanda, əlillərin hüquqları barədə əhalinin məlumatlılığının artırılması, əlillərə hüquqi xidmətin göstərilməsi və onların hüquqlarının qorunmasını təşkil etməkdir. R.Zeyni əlilliklə bağlı dövlət siyasətinin həyata keçirilməsi, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, dövlət tərəfindən əlillərə göstərilən qayğı və s.barədə fikirlərini bildirib.
Tədbirdə iştirak edən Qarabağ əlilləri əlillərə verilən dəstəyə, göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib və bu kimi işlərin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar. Bəzi Qarabağ əlillərinin hələ də əlillik statusu ala bilmədiklərini qeyd ediblər.
Tədbirdən sonra iştirakçılar layihə heyətinə müraciət etdi, müvafiq məsləhətlər verilib. Layihə çərçivəsində çap olunan braşuralar paylanılıb.
Qeyd edək ki, Milli QHT Forumu tərəfindən "2013-cü il ərzində regionlarda sağlamlıq imkanları məhdud insanların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işinin təşkili" layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə bu ilin sonunadək həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB