Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

2013-cü il oktyabrın 23-də Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq Siyasəti üzrə qətnamə layihəsi qəbul edilib. Qətnamənin 16-cı paraqrafında Avropa Parlamenti tərəfindən "Şərq tərəfdaşlığı" Proqramında iştirak edən bir dövlət tərəfindən digər dövlətin ərazisinin işğal edilməsinin Şərq tərəfdaşlığının fundamental prinsip və məqsədlərinin pozulması olduğu barədə mövqeyi xatırladılmış və bu xüsusda, Dağlıq Qarabağ münaqişəsinin həllinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri və 2009-cu il 10 iyul tarixli Akvil birgə bəyanatında ehtiva olunan ATƏT-in Minsk qrupunun baza prinsipləri əsasında həll edilməli olduğu vurğulanıb.

Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamədə ilk dəfə olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğu vurğulanmışdır. Avropa Parlamentinin son qətnaməsi bir daha onu təsdiq edir ki, beynəlxalq birlik münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin tərəfdarıdır.

Xatırladırıq ki, Avropa Parlamenti bundan əvvəl qəbul etdiyi qətnamələrində də Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın silahlı qüvvələrinin çıxarılmalı, bu torpaqların Azərbaycanın nəzarətinə qaytarılmalı olduğunu, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtma hüquqlarına malik olduğunu bir daha təsbit etmiş və Ermənistandan işğal edilmiş Azərbaycan ərazilərinə nizami ordu göndərilməsinin dayandırılmasını tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə