Londonda “Azərbaycanın Avropaya İnteqrasiyası Modeli” mövzusunda forum təşkil olunub

Londonda “Azərbaycanın Avropaya İnteqrasiyası Modeli” mövzusunda forum təşkil olunub

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin dəstəyi ilə London şəhərində "Azərbaycanın Avropaya İnteqrasiyası Modeli" mövzusunda Forum təşkil edib. AGAT–dan SİA-ya verilən məlumata görə, Azərbaycan reallıqlarının aşılanmasına həsr olunan bu tədbir London şəhərində yerləşən Kral Coğrafiya Cəmiyyətinin (Royal Geographic Society) binasında keçirilib. Tədbirdə Böyük Britaniya ictimaiyyətinin nümayəndələri, regionumuza maraq göstərən ekspertlər, gənc fəallar, işgüzar dairələrin, QHT-lərin və Londondakı diplomatik korpusun təmsilçiləri iştirak ediblər. Tədbiri açan AGAT-ın sədri Gülsel Səfərova təmsil etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib, Forumun əhəmiyyətindən danışıb.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov ölkəmizin son illər ərzində uğurlu inkişafı, Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı münasibətlərinin dinamikası, bu sahədə əldə olunub nailiyyətlər haqqında məlumat verib. Ölkəmizin xarici siyasət tarixinə nəzər salan səfir Avropaya inteqrasiyanın bu siyasətin ən mühüm hissəsi olduğunu qeyd edib. O, bildirib ki, münasibətlərin əsası 1996-cı ildə imzalanıb Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və Azərbaycanın Avropa Qonşuluq Siyasətinə qoşulması ilə qoyulub: "2006-cı ildə bu siyasət çərçivəsində qəbul edilən Fəaliyyət Planı, 2009-cu ildə qoşulduğumuz Şərq Tərəfdaşlığı təşəbbüsü, həmçinin enerji sahəsində əməkdaşlıq sənədləri Aİ ilə ikitərəfli və çoxtərəfli münasibətlərin daha da genişlənməsinə zəmin yaradıb. Azərbaycan Respublikası Prezidentinin son 10 ildə Brüsselə səfərləri, habelə 2011-ci və 2012-ci illərdə Aİ Şurası və Avropa Komissiyası prezidentlərinin Azərbaycana səfərləri bu münasibətlərin inkişafına böyük təkan verib. Bərabərhüquqlu və qarşılıqlı hörmət üzərində qurulan səmərəli əməkdaşlığı təşviq edib".

Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu diqqətə çatdıran səfir Fəxrəddin Qurbanov ötən il bu qurum ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payının 41 faizi ötdüyünü, bu ilin ilk 6 ayında isə 43,7 faiz olduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan diplomat qeyd edib ki, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal olunub: " Nəticədə bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvalarından qovulub. Ermənistan BMT və digər qurumlar tərəfindən beynəlxalq hüququn pozulması kimi xarakterizə olunan işğala son qoymaqdan imtina edir. Bu münaqişə ölkəmizin Avropaya inteqrasiyası prosesinə mənfi təsir edir".

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin mövcud vəziyyəti, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində görülən işlər, müzakirə edilən sazişlər üzrə aparılan danışıqlar, habelə bu sahədə nəzərdə tutulmuş tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.

SAM-ın aparıcı elmi işçisi, enerji üzrə ekspert Gülmira Rzayeva enerji təhlükəsizliyi baxımından Azərbaycanın regionda əsas rola malik olduğunu, 1994-cü ildə bağlanan "Əsrin müqaviləsi"nin mühüm əhəmiyyət daşıdığını, yanacaq mənbəyi kimi son illər qaz istehsalına marağın daha da artdığını xatırladıb. Strateji rolu gündən-günə yüksələn təbii qazın istehsalında Azərbaycanın mühüm rolunu diqqətə çatdıran məruzəçi 2017-ci ildən sonra "Şahdəniz-2" yatağının istismarı və qazın Avropa bazarlarına çıxarılmasının perspektivlərindən, 2025-ci ildə qaz hasilatının 50-55 milyard kubmetrə çatacağından danışıb. Azərbaycanın üç dəhlizdən Avropaya qaz ixrac etdiyini vurğulayan G.Rzayeva Xəzər dənizindən çıxarılan qazın Avropa üçün vacibliyini diqqətə çatdırıb.

Təqdimat ilə çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "TASİM/EuroCA" layihəsinin aparıcı mütəxəssisi Səbinə Həsənova layihə haqqında ətraflı məlumat verib. O, ölkəmizin Avropaya inteqrasiyasında əhəmiyyətli rola malik olduğunu diqqətə çatdırıb.

Daha sonra məruzəçilər iştirakçıların suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə