Yusif Məmmədov: “Semestr imtahanlarının yazılı olması gündəmdən çıxarılıb”
"Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) heç bir tələbə semestr imtahanlarının yazılı aparılmasına etiraz əlaməti olaraq aksiyası keçirməyib". SİA-nın məlumatına görə bunu ADPU-nun rektoru Yusif Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Rektorun sözlərinə görə, universitetin semestr imtahanlarının yazılı aparılmasına dair qərarı olmayıb: "Test üsulu ilə semestr imtahanlarının keçirilməsində möhkəm şəffaflıq və ədalət var prinsipi mövcuddur. Sadəcə əzbərçilik meyllərinin tələbələrdə müşahidə olunduğunu nəzərə alaraq imtahanların yazılı formada keçirilməsinə dair müəyyən təkilflər olub. Ancaq bu məsələ tələbələrdə müəyyən etirazlarla qarşılanıb. Buna görə də tələbələrlə görüşlər keçirilib. Görüşlərdən məlum oldu ki, tələbələrin fikirlərində müsbət arqumentlər var. Tələbələr bildirdilər ki, bu mərhələdən sonra imtahanların yazılı şəkildə keçirilməsinə adaptasiya ola bilməyəcəklər. Biz də universitet rəhbərliyi olaraq qərara gəldik ki, semestr imtahanlarının yazılı şəkildə keçirilməsi məsələsini gündəmdən çıxaraq".
Y.Məmmədov vurğulayıb ki, semestr imtahanlarının yazılı şəkildə keçirilməsi məsələsi yalnız müzakirə formasında olub və tələbələrin müsbət arqumentləri nəzərə alınaraq bu məsələ gündəmdən çıxarılıb: "Semestr imtahanlarının hansı formada keçirilməsinə dair universitet elmi şurası qərar verir. Bundan sonra isə qərarla bağlı Təhsil Nazirliyinə müraciət olunur. Bu qərar da nazirlikdə ekspertizadan keçdikdən sonra tətbiq olunur. Ancaq semestr imtahanlarının yazılı şəkildə keçirilməsinə dair heç bir səviyyədə qərar verilməyib".
Rektor bildirib ki, semestr imtahanlarının yazılı şəkildə keçirilməsinə diar müzakirələr təhsilin səviyyəsinin artırılması üçün edilib: "Ancaq tələbələrlə görüşdən məlum oldu ki, tələbələr bu mərhələdən sonra imtahanların yazılı keçirilməsinə adaptasiya oluna bilməzlər. Artıq məsələ həll olunub və tələbələr də bu məsələ ilə razılaşıblar".
Universitet rektoru əlavə etdi ki, qarşıdakı semestrlərdə də imtahanların yazılı şəkildə keçirilməsi məsələsi gündəmdə olmayacaq.
Y.Məmmədov mətbuatı bu məsələni universitet daxili proses olduğunu nəzərə alaraq ictimailəşdirməməyə və ajeoataj yaratmamağa çağırdı.
Qeyd edək ki, universitet tələbələri ilə söhbətimizdən məlum oldu ki, onlar təhsil ocağının verdiyi qərarla razıdırlar və heç bir problem yoxdur.
Xatırladaq ki, bu gün sosial şəbəkələrdə ADPU-nun tələbələri tərəfindən semestr imtahanlarının yazılı aparılmasına etiraz əlaməti olaraq aksiyasının keçirilməsi planlaşdırılırdı. Ancaq məsələ həll olunduğu üçün aksiya baş tutmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB