Hindistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Vinod Kumar və birinci katib T.R Mina Bakı Ali Neft Məktəbində olublar. SİA-nın məlumatına görə, qonaqları salamlayan Ali Məktəbin rektoru Elmar Qasımov Azərbaycanda ölkə başçısı cənab İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasından bəhs edib. O bildirib ki, Azərbaycan dünyada ilk neft çıxaran ölkədir, hansı ki bu gün də neft-qaz və kimya sənayesi ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır. ARDNŞ –nin Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələrdən söz açan E.Qasımov bildirib ki, Bakı Ali Neft Məktəbi ARDNŞ-nin strukturunda fəaliyyət göstərən Ali Məktəbdir. Bu ali məktəbin əsas məqsədi ARDNŞ-də işləyə biləcək müasir standartlara cavab verən kadrların hazırlanmasıdır.
Sonra qonaqlara Ali Məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında ətraflı məlumat verən Elmar Qasımov qeyd edib ki, Avropa təhsil standartlarına uyğun tədris prosesinin qurulduğu ali məktəb ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulub: "Bunun nəticəsi olaraq BANM məzunlarına iki diplomun verilməsi nəzərdə tutulub. Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələr qəbul olunur. Hazırda yüksək səviyyədə təchiz olunan binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampus istifadəyə veriləcək".
Bakı Ali Neft Məktəbinə dəvət edildiyi üçün minnətdarlığını bildirən Hindistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar Azərbaycan və Hindistan arasındakı tarixi əlaqələrdən bəhs edib. O bildirib ki, bu gün də Azərbaycan və Hindistan dövlətləri arasında ticari, iqtisadi, elmi və texnoloji sahələrdə əməkdaşlıq durmadan inkişaf edir. Bakı Ali Neft Məktəbinin fəaliyyətini yüksək qiymətləndirən səfir V.Kumar, gələcəkdə bu Ali Məktəblə Hindistanda mühəndis hazırlığı istiqamətində fəaliyyət göstərən universitetlərlə əlaqələrin yaradılması, təcrübə və tələbə mübadiləsi istiqamətində birgə əməkdaşlığın qurulması üçün gərəkən dəstəyi etməyə hazır olduğunu bildirib.
Görüşdən sonra qonaqlar Bakı Ali Neft Məktəbində tədris prosesi ilə yaxından tanış olub və tələbələrlə fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB