Gənclər Fondu tələbələr üçün təqdimatlara davam edir FOTO

Gənclər Fondu tələbələr üçün təqdimatlara davam edir FOTO

Azərbaycan Gənclər Fondu ali təhsil müəssisələrində təqdimatlar keçirməyə başlayıb. SİA-ya verilən məlumata görə, növbəti təqdimatlar Fondun Aparat rəhbəri Faiq Qürbətov və Strateji Planlaşdırma və beynəlxalq əlaqələr sektorunun əməkdaşı Vüsalə Niftəliyeva tərəfindən Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilib. Tələbələrin böyük marağına səbəb olan təqdimatlarda gənclərin sualları cavablandırılıb, görüşlər diskussiya şəklində davam edib.

Görüşlərdə tələbələrə Fonda müraciət qaydaları, onlayn qeydiyyat, layihə təqdim etmə və digər zəruri məlumatlar təqdim olunur.

Təqdimatlar hazırda keçirilən 4-cü qrant müsabiqəsində gənclərin və tələbələrin fəallığını artırmaq, onları məlumatlandırmaq məqsədilə keçirilir. 4-cü qrant müsabiqəsinin məqsədi gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 14-29 yaş həddində olan fiziki şəxsləri "C" kateqoriyası üzrə müsabiqədə iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət edir.

Müsabiqə haqqında ətraflı məlumat üçün: http://youthfoundation.az/4cuqrantelani/

Fondun əməkdaşları tərəfindən keçirilən təqdimatlar bu gün Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti və Turizm İnstitutunda davam edəcək.

Gənclər Fondunda fiziki şəxslərin qeydiyyat forması üçün: http://www.youtube.com/watch?v=aj96KK2yok8

Fiziki şəxslərin "C" kateqoriyası üzrə layihə təqdim etmə təlimatı: http://www.youtube.com/watch?v=hKJSRg3V18Q

Bütün xəbərlər Facebook səhifəmizdə