Azərbaycanın gənclər təşkilatı Avropada keçirilən baş Assambleyaya yollandı
Bu gün Kiprin Limassol şəhərində Avropa Gənclər Klubları Konfederasiyasının növbəti Baş Assambleyası öz işinə başlayır. Mərkəzdən SİA-ya verilən məlumata görə, oktyabr ayının 27-dək keçiriləcək Assambleyada ölkəmizi Gənclər üçün Təhsil Mərkəzi təmsil edəcək. Bu məqsədlə Mərkəzin beynəlxalq əlaqələr bölməsinin rəhbəri Nurlan Əhmədovun Kiprə səfəri başlayıb. Səfər çərçivəsində Mərkəzin nümayəndəsi ilə Böyük Britaniya, Danimarka, Belçika, Çexiya, Kipr və Avstriyanın Gənclər Klubları İttifaqlarının rəhbərləri arasında görüşlər nəzərdə tutulub.
Nurlan Əhmədov Kipr Texnologiya Universitetində keçiriləcək "Gənclər işinin keyfiyyəti" adlı beynəlxalq konfransda da iştirak edəcək və Azərbaycanın gənclər siyasəti sahəsində qazanılmış uğurları barədə öz fikirlərini bölüşəcək.
Baş Assambleya çərçivəsində Avropa Gənclər Klubları Konfederasiyasının 2014-cü il üzrə strategiyası və layihələri müzakirə ediləcək, vacib qərarlar qəbul ediləcək.
Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi bu nüfuzlu beynəlxalq təşkilata 2012-ci ildə üzv olmuş ilk Azərbaycan təşkilatıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB