Gimnastlarımız Avropa "zirvəsini" fəth ediblər

Gimnastlarımız Avropa "zirvəsini" fəth ediblər

Azərbaycanın aparıcı gimnastları Lalə Yusifova və Marina Durunda ötən bazar günü Avropada keçirilən beynəlxalq yarışlarda gözəl nəticə göstəriblər. İtaliyanın Desio şəhərində "A1" seriyasından klublararası ənənəvi çempionat start götürüb.

Marina Durundanın çıxış etdiyi "Armonia di Abruttso" klubu (Kyeti şəhəri) daha çox Azərbaycan gimnastının çıxışı sayəsində turunun qalibi olub. M.Durunda topla hərəkətlərə görə 17,8 bala layiq görülüb. Onun göstəricisi komanda yoldaşları arasında ən yaxşı, çempionatda isə ikinci nəticə sayılıb. Cəmi 98,35 bal toplayan "Armonia di Abruttso" klubunun aktivində 25 xal var. Marinanın çıxış etdiyi klub San-Corcio şəhərindən olan "Gimnastika" klubunu 3 xal qabaqlayır.

Qeyd edək ki, dünya çempionu Qanna Rizatdinova (Ukrayna) bu klubun heyətində yarışır. Çempionatın ikinci turu noyabrın 2-də Arettso şəhərində keçiriləcək.

Komanda yoldaşından fərqli olaraq Lalə Yusifova cəmi dörd alətlə çıxış edib. O, Berlində Qran-pri yarışlarının yekun mərhələsində gürzlərlə final yarışının bürünc mükafatçısı olub. Hakimlərdən 17,15 bal alan Lalə rusiyalı gimnastlar Darya Svyatkovskaya və Marqarita Mamundan geri qalıb. Qran-pri yarışlarının mütləq qalibi isə M.Mamun olub. L.Yusifova top və lentlə finallarda 4-cü, halqa ilə finalda, habelə çoxnövçülük yarışlarında 6-cı nəticə göstərib.

Milli komandanın baş məşqçisi Mariana Vasilyevanın sözlərinə görə, "avropalılar Laləni də, Marinanı da alqışla qarşılayıblar".

Gimnastlar getdikcə daha yaxşı, daha inamla çıxış edirlər. Bir çox mütəxəssislər heyranlıqla gimnastlarımız barədə yaxşı fikirlər söyləyirlər. Məşqçi deyib ki, L.Yusifova və M.Durunda, habelə yeniyetmə gimnast Jalə Piriyeva elə bu həftə "Neftçi"nin tərkibində Tokioda klublararası dünya çempionatında iştirak edəcəklər.

Bu arada Portuqaliyada akrobatika üzrə yaş qrupları arasında Avropa yarışları başa çatmışdır. Lalə Hüseynova-Xoşqədəm Quliyevadan ibarət cütlük təsnifat yarışlarında 12-ci yeri tutub. Finala çıxmaq üçün cütlüyün cəmi yarım balı çatışmayıb. Bu yarışlardan dərhal sonra keçiriləcək gənclər arasında Avropa çempionatında Azərbaycanı Aynur Hüseynova-Nərmin Ramazanova və Elçin Əlibəyov-Emin Gülməmmədli cütlükləri təmsil edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə