"Amansız rəftarın təşviq edilməsi yolverilməzdir"

"Amansız rəftarın təşviq edilməsi yolverilməzdir"

Rusiyanın "İctimai verdikt" hüquq-müdafiə fondu Azərbaycan vətəndaşı Orxan Zeynalovun tutulub saxlanılması zamanı hüquq mühafizə orqanlarının hərəkətləri ilə əlaqədar bəyanatla çıxış edərək bu hərəkətlərin ağlasığmaz olduğunu bildirib.

Bəyanatda deyilir ki, Rusiyanın mərkəzi telekanallarında Xüsusi Çevik Polis Dəstəsinin (XÇPD) döyüşçülərinin "cinayətkar" olması ehtimal edilən Orxan Zeynalovun tutulub saxlanması zamanı və o saxlanılandan sonrakı hərəkətlərinin videoyazısı göstərilib. Polis əməkdaşlarının saxlanılmış şəxsə qarşı zorakı hərəkətlər tətbiq etməsi internet şəbəkəsində yerləşdirilmiş videolarda da aşkar görünür. Bəyanatda deyilir: "Aşkar şəkildə müqavimət göstərmək imkanı olmayan hər hansı şəxsə münasibətdə əsassız zorakılıq praktikası Rusiya qanunvericiliyi və beynəlxalq hüquq baxımından yolverilməzdir və mütləq mənada qadağan edilib. Zorakılığın və qanunun pozulmasının açıq nümayiş etdirilməsi polis üçün, cinayətkarlığa qarşı mübarizə funksiyalarını yerinə yetirən bir orqan kimi, yolverilməz davranış formasıdır".

Fond hesab edir ki, dövlət orqanları cinayətlərin üstünü açmağa və onları təhqiq etməyə borcludurlar. Şəxsiyyətin hüquqi statusundan, yəni şübhəli şəxs (Zeynalov və ya hər hansı başqa şəxs), zərərçəkmiş və ya şahid olmasından asılı olmayaraq, onun hüquqazidd qəsblərdən müdafiə edilməsi də asayişi mühafizə orqanlarının eyni dərəcədə mühüm vəzifəsidir. Dövlət orqanlarının gücünü və cinayətkarlığa qarşı mübarizədə fəaliyyət qabiliyyətini saxlanılmış şəxsin necə təhqir olunması nümayiş etdirilən kadrlar vasitəsilə deyil, məhz bu cür müdafiə üsulu ilə göstərmək olar.

Bəyanatda deyilir: "Daxili İşlər Nazirliyinin televiziya ilə nümayiş etdirdiyi videoyazıda saxlanılmış şəxsin artıq yerdə uzandığı, qollarına qandal vurulduğu və açıq-aşkar müqavimət göstərə bilmədiyi vəziyyətdə hüquq mühafizə orqanlarının əməkdaşları ona qarşı fiziki qüvvə tətbiq edir, onu alçaldırlar. Ona qarşı saxlanılma prosesində deyil, saxlanıldıqdan sonra, heç bir zərurət olmadığı halda güc tətbiq edilir".

Bəyanatın müəllifləri bir məqamı vurğulamağı çox vacib hesab edirlər ki, artıq müqavimət göstərə bilməyən saxlanılmış şəxsə güc tətbiq edilməsi praktikası, yolverilməz metodlar, hədsiz və əsassız zorakılıq tətbiq edilməsi Rusiya hüquq mühafizə orqanları sisteminə xas olan problemdir.

Fondun bəyanatında deyilir: "Fondun icraatında saxlanılmış və hərəkətsiz vəziyyətdə olan şübhəli şəxslərə zorakılıq, çox vaxt işgəncələr tətbiq edilməsini göstərən materiallar az deyildir. Məsələn, Denis Kalinin, Andrey Lukyanov, Kirill Şiborş, Boqdan Bondar, Sergey Korşunov haqqında işlər (son iki iş yetkinlik yaşına çatmamış şəxslərə münasibətdə qeyri-qanuni zorakılıq barədədir) və başqa işlər bu qəbildəndir. Fərq ondadır ki, indiyə qədər DİN işgəncələrin və amansız rəftarın yolverilməz olmasını bəyan edirdi, indi isə Rusiya vətəndaşları gördülər ki, bu cür praktika təşviq edilir. bizim fikrimizcə, saxlanılmış Zeynalovun helikopterin döşəməsində aparılması, onun meşədə, müdafiəçisiz dindirilməsi, hüquq mühafizə orqanları əməkdaşlarının saxlanılmış şəxsin üstünə çıxaraq ona güclü ağrı verən, insanın ləyaqətini alçaldan bu və ya digər hərəkətlər etməsi, belə hərəkətlər, xüsusən DİN-də islahatların davam etməsi fonunda, hüquq mühafizə orqanlarının əməkdaşları üçün qəbuledilməzdir".

Fondun rəhbərlərinin fikrincə, hüquq mühafizə orqanları tərəfindən hədsiz və əsassız fiziki qüvvə tətbiq edilməsinin televiziya ilə açıq nümayiş etdirilməsi bu cür hərəkətləri legitimləşdirir, həm vətəndaşlar üçün, həm də aşağı polis bölmələri üçün "tətiyin çəkilməsi" kimi təsir göstərir. "Təəssüf ki, əgər federal DİN bu cür hərəkətlərə yol verirsə və bunları peşəkar iş nümunəsi kimi nümayiş etdirirsə, onda polis bölmələri bunu icazə verilmiş iş standartı kimi qəbul edə bilərlər".

Bəyanatın müəllifləri təqsirsizlik prezumpsiyası prinsipini də xatırladaraq qeyd edirlər ki, hüququn tətbiq edilməsi praktikasında bu prinsipin tez-tez pozulmasına baxmayaraq, Rusiyada ona təminat verilir. Müəlliflər qeyd edirlər ki, saxlanılmış şəxsin cinayət törətmiş olması barədə hər hansı bəyanatlar təqsirsizlik prezumpsiyası prinsipinin pozulması deməkdir, çünki bu cür bəyanatlar onun təqsiri hələ məhkəmə tərəfindən etiraf edilmədən onun təqsirli olması barədə fikirləri əks etdirir.

"İctimai verdikt" Fondu RF İstintaq Komitəsini Moskva sakininin qətlə yetirilməsində şübhəli sayılan şəxsin saxlanılmasından sonra XÇPD əməkdaşlarının hərəkətlərinə qiymət verməyə çağırıb.

Fondun bəyanatında haqlı olaraq deyilir: "Bundan əlavə, biz ümid edirik ki, şübhəli şəxs Orxan Zeynalovun vəkilləri RF İstintaq Komitəsi qarşısında vətəndaşın saxlanılmasından sonra güc orqanlarının hərəkətlərinin qanunsuz olması məsələsini də qaldıracaqlar. Biz həmçinin, DİN-i qüsurlu zorakılıq praktikasından imtina etməyə və belə hərəkətlərin yalançı qəhrəmanlıq kimi qələmə verilməsi və DİN-in icazəsi ilə onların açıq nümayiş etdirilməsi ilə əlaqədar yarana biləcək nəticələrə qiymət verməyə çağırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə