Azərbaycanda diffamasiya və ya ifadə azadlığı haqqında qanunun qəbulu barədə artıq uzun illərdir ki, müzakirələr gedir. Hətta artıq bununla bağlı iki qanun layihəsi də ortaya qoyulub. SİA bu qanunun qəbul olunmasının nə qədər zəruri olduğunu media kapitanlarından araşdırıb.
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid: "Mən belə bir qanunun qəbul olunmasının tərəfdarı olmuşam. Düzdür, indi biraz tərəddüd edirəm. Ona görə ki, yeni mediada, sosial şəbəkələrdə, saytlarda insanların şərəf və ləyaqətinə toxunan bir sıra yazılara rast gəlmək mümkündür. Amma buna baxmayaraq, düşünürəm ki, "Diffamasiya haqqında" qanun qəbul olunmalıdır. Deyilən sözə, edilən təhqirə görə heç olmasa, maddi məsuliyyət olmalıdır".

"Bakı -Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Bu qanunun qəbulunu iki nöqteyi-nəzərdən əhəmiyyətli hesab edirəm. Qanunun qəbul edilməməsi bir sıra hallarda Azərbaycanın beynəlxalq təşkilatlarla fikir ayrılıqlarına, müəyyən problemlərə səbəb olur. Bundan əlavə, qanunun qəbulu ölkəmizdə jurnalistlərin yalana, böhtana görə məsuliyyətə cəlb olunmasına gətirib çıxaracaq. Hər iki səbəbə görə qanunun qəbuluna ehtiyac var. Bir müddət bundan əvvəl qanunun qəbul edilməsinə nə cəmiyyət, nə də ki məmurlar hazır deyildi. İndi isə düşünürəm ki, cəmiyyətin böyük bir əksəriyyəti qanunun qəbuluna hazırdır. Ona görə də artıq qanunu qəbul etmək olar".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "Diffamasiya haqqında qanun qəbul oluna bilər. Burada əsas məsələ qanun qəbul olunduqdan sonra ondan sui-istifadə etməməkdir. Bu gün Azərbaycan mediasının ümumi mənzərəsinə baxanda, jurnalistlərin nə qədər peşəkar olduqları və etik normalara əməl etmələri göz qabağındadır. Təəssüf ki, hələ də mediada bir çox mətbuat orqanları məsuliyyət anlayışını tam sonuna qədər dərk etmirlər. Bu da çox ciddi problemlər yaradır. Bununla yanaşı, mən düşünürəm ki, "Diffamasiya haqqında" qanunun qəbulundan sonra sui-istifadə halları artacaq. Qanun ətrafında uzun müddətdir ki, müzakirələr aparılır. Amma hələ də qanunun qəbulu prosesi ləngiyir. Artıq Azərbaycandan savayı bir sıra ölkələrdə bu qanun qüvvəyə minib. Gürcüstan belə ölkələrə misaldır. Bəziləri "Diffamasiya haqqında" qanunun gecikdirilməsini cəmiyyətin buna hazır olmaması ilə əlaqələndirirlər. Əslində, bu kökündən səhvdir. Çünki cəmiyyətin nəyə hazır olub-olmamasını heç kim müəyyənləşdirə bilməz!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB