Milli QHT Forumu növbəti tədbirini Qəbələdə keçirdi

Milli QHT Forumu növbəti tədbirini Qəbələdə keçirdi

Azərbaycan Milli QHT Forumu tərəfindən həyata keçirilən "2013-cü il ərzində regionlarda sağlamlıq imkanları məhdud insanların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işinin təşkili" layihəsi çərçivəsində növbəti tədbir Qəbələ Turizm Otelçilik və Tədris Mərkəzində keçirilib. SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan MQF Qəbələ R-QRTM-in direktoru Qalib Nəbiyev MQF haqqında, QHT-lərin inkişafı, vətəndaş cəmiyyətinə dövlət dəstəyi, QHT-hökumət münasibətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstək verdiyi layihələr, regionlarda əlillərə və sağlamlıq imkanları məhdud şəxslərə qayğı mərkəzlərinin yaradılması haqqında ətraflı məlumat verib.

Daha sonra MQF-nin prezidenti Rauf Zeyni çıxış edərək layihə haqqında iştirakçıları məlumatlandırıb. O qeyd edib ki, layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək, həmçinin onların ləyaqətinə hörmət edilməsini təmin etmək və eyni zamanda, əlillərin hüquqları barədə əhalinin məlumatlılığının artırılması, əlillərə hüquqi xidmətin göstərilməsi və onların hüquqlarının qorunmasını təşkil etməkdir. Rauf Zeyni əlilliklə bağlı dövlət siyasətinin həyata keçirilməsi, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, dövlət tərəfindən əlillərə göstərilən qayğı barədə məlumat verib.

Tədbirdən sonra iştirakçılar layihə heyətinə müraciət edərək müvafiq məsləhətlər verib. Layihə çərçivəsində çap olunan braşuralar paylanılıb.

Qeyd edək ki, Milli QHT Forumu tərəfindən "2013-cü il ərzində regionlarda sağlamlıq imkanları məhdud insanların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işinin təşkili" layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə bu ilin sonunadək həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə