Rəqəmsal kadastr xəritələri yaradılır

Rəqəmsal kadastr xəritələri yaradılır

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə Gəncə şəhərində "Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı" Layihəsinin İctimai Təqdimatı keçirilib. Komitədən SİA-ya verilən məlumata görə, layihə Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur. Layihənin əsas hədəfi layihə ərazisində daşınmaz əmlakın kadastrı işlərinin inkişafının təmin edilməsi, habelə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı xidmətlərin səviyyəsinin yüksəldilməsidir.

İctimai Təqdimatın keçirilməsində məqsəd Gəncə şəhəri və Şəki rayonunda başlanacaq kadastr layihəsinin uğurlu icrasına nail olmaq üçün maraqlı tərəflər və vətəndaşlar arasında maarifləndirmə, ictimai agahlıq işlərinin aparılması, icraçı qurumlarla fəaliyyətin əlaqələndirilməsi və ictimai dəstəyin əldə edilməsindən ibarət olub.

Tədbir Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının, regional idarələrinin və tabeli qurumlarının, Gəncə Şəhər İcra Hakimiyyətinin, bələdiyyələrin, yerli təşkilatların nümayəndələri və daşınmaz əmlakla bağlı maraqlı tərəflərin iştirakı ilə keçirilib. Tədbirdə həmçinin, Almaniyanın ölkəmizdəki səfirliyinin, "GFA/GCİ Consortium" məsləhətçi şirkətinin, Almaniya KfW Bankının, komitə tərəfindən həyata keçirilən layihələrdə birgə əməkdaşlıq etdiyi beynəlxalq şirkət və təşkilatların, yerli özəl şirkətlərin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, "Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı" Layihəsi Azərbaycan Hökuməti və Almaniya Federativ Respublikası arasında Maliyyə Əməkdaşlığı haqqında Sazişə əsasən, Almaniyanın KfW Bankının maliyyə dəstəyi ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə