"2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq davam etdirilən tədbirlər nəticəsində bu ilin 9 ayında dövlət sosial sığorta sistemində fərdi hesaba malik olan sığorta olunanların sayı artıb. DSMF-dan SİA-ya verilən məlumata görə, oktyabrın 1-i tarixinə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində şəxsi hesabı olan sığorta olunanların sayında 14,7 faiz artım qeydə alınıb.
Cari ilin ötən 9 ayı ərzində Fond tərəfindən əlavə olaraq 370 954 sığortaolunana sosial sığorta nömrəsi verilərək, onlar üçün fərdi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığorta olunanların sayı 2 637 028 nəfərə yüksəlib ki, onların da 58,6 faizini kişilər, 41,4 faizini isə qadınlar təşkil edir.
Fərdi uçot sistemində qeydiyyatda olan sığorta olunanların 23,9 faizini 30 yaşa kimi vətəndaşlar, 23,5 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 22,7 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 20,3 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 9,6 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.
Qeyd edək ki, 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB