Bu gün Bakıda 2012-2013-cü illərdə Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə əlaqədar olaraq, Gənclər və İdman Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulasiya oyunununa (Model United Nations Security Council) start verilib.
SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2013-cü il tarixli Sərəncamına əsasən 2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunmasını nəzərə alaraq, simulasiya oyununun əsas mövzusu kimi "Kiber təhlükəsizlik" seçilib.
Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, xarici işlər nazirinin müavini Araz Əzimov və digər rəsmi şəxslər iştirak edib. Tədbir zamanı BMT-nin baş katibi Pan Gi Munun tədbir iştirakçılarına məktubu səslənib.
Daha sonra tədbirdə çıxış edən Azad Rəhimov bildirib ki, bu gün İKT-nin həyatımızda inkişafı günümüzü informasiya əsrinə gətirib çıxarır. Onun sözlərinə görə, müasir texnologiyalar artıq həyatımızın bir hissəsinə çevrilib: "Texnologiyanın inkişafı hər şeyi asanlaşdırır. Kiber cinayətkarlıq isə hazırda cari məsələlərdən birinə çevrilib. Biz BMT və digər qurumlarla çalışırıq ki, bu təhlükəni aradan qaldıraq. Düşünürəm ki, simulyasiya oyunu çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edən 45 gənc beynəlxalq siyasi mövzuları lazımınca müzakirə edə biləcək, eyni zamanda Azərbaycan reallıqları ilə daha yaxından tanış olacaqlar. Bununla yanaşı kiber təhlükəsizlikdən daha yaxından xəbərdar olacaqlar".
Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, bu gün biz özümüzü həm güclü, həm də zəif hiss edə bilərik: "Çünki texnologiyanın inkişafı həm pozitiv, həm də neqativ hallara yol açır. Bu gün artıq İKT sərhəd tanımır. Bu məsələdə hər bir ölkə beynəlxalq qanunvericiliyə riayət etməlidir. Bu prosesdə GUAM ölkələri daha aktivdirlər. Hər bir ölkə informasiya mübadiləsində xüsusi rol oynamalıdır. Terrorla bağlı mübarizə bu da ciddi bir məsələdir. Həmçinin müharibə də buna daxildir. Əminəm ki, müharibə kiber səviyəyə çatmayacaq. Ancaq biz hazırda bundan danışırıq. Buna görə də düşünürəm ki, bu ümidverici bir toplantıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB