Özbəkistanda Azərbaycanın Dövlət Müstəqilliyinə həsr olunan bayram tədbiri keçirilib
Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinə həsr olunan bayram tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə diplomatlar, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Özbəkistanda mədəniyyət sahəsində tanınmış şəxslər, Daşkənddəki ali və orta məktəblərin müəllim və tələbə heyəti, Azərbaycan diasporunun nümayəndələri, KİV nümayəndələri iştirak ediblər. Tədbir Ümummilli lider Heydər Əliyevin Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısındakı büstü önünə əklil və tər çiçəklər qoyması ilə başlayıb. Daha sonra Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirilib.
Bayram tədbirində çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirakçıları Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə təbrik edib. Samir Abbasov 1918-1920-ci illərdə 23 ay mövcud olan Azərbaycan Demokratik Cümhuriyyətinin varisi olaraq 1991-ci ildə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan Respublikasının keçdiyi çətin və şərəfli yollardan danışıb. O, çıxışında Ümummilli lider Heydər Əliyevin fikirlərindən sitat gətirərək qeyd edib: "Hər bir xalq üçün onun dövlət müstəqilliyini əldə etməsi tarixi bir nemətdir", deyə xatırladaraq Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması yolunda misilsiz xidmətlərini xüsusi vurğulayıb.
Daha sonra təbrik çıxışı ilə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Pedaqoji Universitetin professoru Erkin Nuriddinov və Özbəkistan Milli Kulinariya Assosiasiyasının rəhbəri Sünətulla Süleymanov çıxış ediblər.
Tədbirin bədii hissəsi Özbəkistanın tanınmış müğənniləri, "Nixol" Dövlət mükafatının laureatı İsrail Saidumarov, Abdulmalik Tatlı, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs kollektivinin çıxışları iştirakçıların böyük marağına səbəb olub. Özbək müğənnilərinin Azərbaycan musiqisindən məşhur mahnıları ifa etməsi tamaşaçıların alqışları ilə qarşılanıb.
Qeyd edək ki, tədbirdə hər bir iştirakçıya hədiyyə olaraq kiçik Azərbaycan və Özbəkistan dövlət bayraqları paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB