MDU aztəminatlı gənclər üçün layihə həyata keçirir

MDU aztəminatlı gənclər üçün layihə həyata keçirir

Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən təhsil layihəsinin üçüncü mərhələsinin hazırlığına start verilib. SİA-nın məlumatına görə, bu mərhələ boyunca aztəminatlı ailələlərdən olan və valideyn qayğısından məhrum olan 8 nəfər gəncə Moskvadan xüsusi dəvət olunmuş Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağının mütəxəssisləri: elmi katib Yefimov S.V. və direktor müavini Rappoport A.V. tərəfindən landşaft dizaynı mövzusunda kurs keçəcəklər.

Qeyd edək ki, müəllimlər MDU-nun Bakı filialının rektoru, professor Nərgiz xanım Paşayevanın xüsusi dəvəti ilə layihə iştirakçıları ilə ilkin tanışlıq və proqramın tərtibi üçün Bakıya gəliblər.

Proqram tərtib olunduqdan sonra MDU-nun Elmi Məclisində qeydiyyatdan keçiriləcək ki, kurs iştirakçıları sonda MDU sertifikatını əldə edə bilsinlər. Xüsusən üçüncü mərhələ üçün gənclərə rus dili tədris olunur.

Xatırladaq ki, layihə MDU-nun Bakı filialının bir qrup tələbəsinin təşəbbüsü ilə cari ilin may ayından həyata keçirilməyə başlayıb. Layihənin əsas məqsədi aztəminatlı ailələlərdən olan və valideyn qayğısından məhrum olmuş gənclərin maarifləndirilməsi və işlə təmin edilməsi, Azərbaycanda landşaft dizaynının inkişaf etdirilməsidir.

Layihə 3 mərhələdən ibarətdir. İlkin mərhələdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin mütəxəssisləri tərəfindən gənclərə həm nəzəri, həm də praktiki dərslər keçirilmişdir.

İkinci mərhələdə layihə iştirakçıları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Eco-Park" ərazisində təcrübə keçib və ilkin mərhələdə öyrəndikləri bilikləri tətbiq etmək şansı əldə ediblər.

Hər iki mərhələ artıq sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə