Bu həftə ulduzlar nəyi proqnozlaşdırır?

Bu həftə ulduzlar nəyi proqnozlaşdırır?

QOÇLARI bu həftə çoxlu telefon zəngi və elektron məktublar gözləyir. Bu bürcün tipik nümayəndələrinə elə gələ bilər ki, köhnə tanış və həmkarlarınız hamısı birdən sizi yada salıb. Fürsətdən istifadə edin. Köhnə tanışlıqlar çox faydalı ola bilər.

BUĞALAR cəlbedici təklif alacaqlar, lakin bu təklif maraqlı məqamlarla müşayiət olunacaqdır. Siz bu təklifi qəbul edə də bilərsiniz, etməyə də bilərsiniz. Lakin əvvəlcə papağınızı qabağınıza qoyub yaxşı-yaxşı fikirləşməlisiniz. Bu, sizə lazımdırmı? Müəyyən vaxt keçəndən sonra sizə elə gələ bilər ki, qızıldan qiymətli vaxtınızı tamamilə çürük, lazımsız işlərə həsr etmisiniz.

Bu həftə ƏKİZLƏRİN münasibətləri məhək daşından keçəcəkdir. Eyni problemə fərqli münasibət ola bilər. Ulduzlar yeni işlərə mane olacaq. Hər nə qədər etibarlı görünsə də, razılaşmanı imzalayarkən çox ehtiyatlı olun. Düşünülməmiş qərarlar qəbul etmək çox təhlükəlidir, böyük maliyyə itkiləri ilə nəticələnə bilər.

XƏRÇƏNGLƏR vaxt tapıb vacib sənədləri rəsmiləşdirməli, təşkilatı məsələləri həll etməlidirlər. Hörmət etdiyiniz insanların qarşısında yaxşı cəhətlərinizi nümayiş etdirəcəksiniz. Rəhbərlik yeni ideyalarınıza rəvac verəcəkdir. Onları dərhal həyata keçirməyə başlamalısınız.

ŞİRLƏRİN maddi maraqları ön plana keçəcəkdir. Gərgin danışıqlar zamanı tənqid və anlaşılmazlıqla üzləşə bilərsiniz. Həmkarlarla münasibətlərinizi gərginləşdirməyin. İntuisiyanız düzgün qərar qəbul etməyinizə kömək edəcəkdir.

QIZLARA bu həftə çoxlu tapşırıq veriləcəkdir. Bu tapşırıqları yerinə yetirmək üçün ətrafınıza sadiq həmkarlar toplamalısınız. Başa düşəcəksiniz ki, bütün işləri təkbaşına, sürətlə yerinə yetirmək mümkün deyil. Bəzən başqalarını da cəlb etmək lazımdır. Vaxt tapıb istirahət etməyə çalışın.

TƏRƏZİLƏR son bir neçə ayda məşğul olduqları mühüm layihəni başa çatdıracaqlar. Bu, həyatınıza nostalji notlar gətirəcəkdir. Amma kədərlənməyin. Bir iş bitir, yerinə başqası gəlir. Oxunmuş səhifəni çevirmədən yaşamaq olmaz.

ƏQRƏBLƏR üçün bu həftə çox əlverişli olacaqdır. Bu günlər şəxsi nüfuzunuzun artdığını hiss edəcəksiniz. Başqalarının işinə müdaxilə etməyin, çünki lazımsız yerdə nəciblik işin ancaq ziyanınadır. Onsuz da xoş niyyətiniz qiymətləndirilməyəcəkdir.

OXATANLAR nikbin, enerjili olacaq, özlərində dağı dağ üstünə qoymaq əzmi hiss edəcəklər. Buna baxmayaraq, işdə itib-batmayın. Bu həftə doğmalarınızın və yaxınlarınızın sizin qayğınıza ehtiyacı olacaqdır. Özünüzü soyuğa verməyin, boğazınızı qoruyun.

Həftə OĞLAQLARA səxavətli olacaq, bol-bol hədiyyə və sürprizlər gətirəcəkdir. Təşəbbüsləriniz istər rəhbərlik, istərsə də həmkarlarınız tərəfindən yekdilliklə dəstəklənəcəkdir. Şirin diliniz sayəsində danışıqlarınız yağ kimi gedəcəkdir. Uzunmüddətli faydalı əməkdaşlığa başlaya bilərsiniz.

DOLÇALAR yeni vərdiş və biliklər qazanacaq, yeni perspektivlərin axtarışına başlayacaqlar. Dostlarınızın problemlərini həll edəcəksiniz. Bu həftə öz problemlərinizin də bir qismindən canınızı qurtaracaqsınız.

BALIQLAR bu həftə iştahlarını cilovlamalıdırlar. Nə özünüzə, nə də başqalarına qarşı tələbkar olmayın. Psixoloji rahatlığa can atmağınız işinizə mənfi təsir göstərəcək. Xam xəyal qurmaqdan vaz keçin və işinizi sona çatdırın. Yaxşı olar, qarşıdan gələn ezamiyyəti təxirə salasınız.

Bütün xəbərlər Facebook səhifəmizdə