18 oktyabr Müstəqillik günü münasibətilə Şəmkir rayon İcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşəbbüsü ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçılar ilk öncə Şəmkir şəhərinin mərkəzində yerləşən Ümummilli lider Heydər Əliyevin əzəmətli heykəli önünə əklil və gül dəstələri düzüblər. Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir Şəmkir şəhərinin mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin heykəli önündə davam edib. Tədbirdə Şəmkir rayon icra Hakimiyyətinin başçısı Nazim Veysov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və İdarə, müəssisə təşkilat rəhbərləri, işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Naziv Veysov bildirib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir: "1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu".
Sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, bu gün - oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür: "Artıq müstəqilliyin 21 yaşı tamam olur. XX yüzilliyin sonlarında Sovetlər İttifaqının süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi".
Sonra çıxış edən rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlinski bildirib ki, 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günüdür: "21 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlanan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, uzun-uzadı qızğın müzakirələrdən sonra "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB