AMEA-da bir sıra struktur dəyişikliyi olub

AMEA-da bir sıra struktur dəyişikliyi olub

Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən iclasında "M.F.Axundzadə Ensiklopediyası"nın hazırlanmasına dair redaksiya heyətinin tərkibi təsdiq olunub. SİA-nın məlumatına görə, iclasda həmçinin Milli Azərbaycan Tarixi Muzeyi, Ədəbiyyat və Folklor İnstitutlarının elmi şuralarının tərkibində qismən dəyişiklik edilib.

Bununla yanaşı, AMEA-da aparılan islahatların davamı olaraq Dilçilik İstitutunun yeni strukturu müəyyən olunub, Ədəbiyyat İstitutunda Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi yaradılıb. AMEA-nın müxbir üzvü Arif Məlikovun anadan olmasının 80, AMEA-nın müxbir üzvü Teymur Kərimlinin isə 60 illik yubileyləri ilə əlaqədar bəzi tədbirlərin keçirilməsi barədə qərar qəbul edilib.

Daha sonra Rəyasət Heyəti Mərkəzi aparatının Təhsil və kadrlar şöbəsinin rəisi Sara Əfəndiyeva çoxillik qüsursuz və səmərəli əmək fəaliyyəti nəzərə alınaraq, həmçinin 80 illik yubileyi ilə əlaqədar olaraq AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib. AMEA prezidentinin müşaviri Rəhim Hüseynov tutduğu vəzifədə qalmaqla Rəyasət Heyəti Mərkəzi aparatının İnnovasiya şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Mərkəzi aparatın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Həsənov vəzifəsindən azad edilib. Bu vəzifəyə Geologiya İstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə