Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə ilk təqdim olunan "Yerin daxili strukturlarının və dinamikasının təkamülündə deformasiya proseslərinin rolu" adlı məruzənin əhəmiyyətindən danışıb.
Onun sözlərinə görə, Qafqaz regionu geodinamik proseslərin və seysmik risklərin geniş yayıldığı zonadır: "Bu baxımdan Geologiya İstitutunun alimləri bu istiqamətdə tədqiqatlarını genişləndirir, mühüm elmi nəticələr əldə edir". Həmin nəticələri əhatə edən məruzəni Rəyasət Heyətinin müzakirəsinə Geologiya İstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Hətəm Quliyev təqdim edib.
O bildirib ki, son illər institutda aparılan tədqiqatların nəticələrinə görə, Yerin təkamülündə daxili dinamikanın bir sıra prosesləri ya deformasiyaların ciddi rol oynadığı təbii mexanizmlər üzrə baş verir, ya da onlarla müşayiət olunur: "Bu cür deformasiya proseslərinin müasir modellərdə nəzərə alınması Yerin müxtəlif dərinliklərində maye nüvə ilə bağlı olmayan alternativ enerji və ərinmiş kütlə mənbələrinin mövcudluğu və bu mənbələrdən kütlə axınlarının baş vermə mexanizmləri haqqında əsaslı elmi mövqeyi müəyyən etməyə imkan verir".
Əldə olunan nəzəri nəticələr Rəyasət Heyəti tərəfindən əhəmiyyətli hesab olunub və bəyənilib. Yerin təkamülünün müasir modellərinin yaradılması istiqamətində elmi tədqiqatların genişləndirilməsi və həyata keçirilməsi tövsiyyə edilib.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edərək Akademiyada elmi müəssisələrin direktorlarından ibarət şuranın təsis edilməsi zərurətindən danışıb. O bildirib ki, akademiyada idarəetmənin və aparılan islahatların çevikliyinin artırılması, elmi müəssisələr üçün aktual olan məsələlərin geniş müzakirəsi, problemlərin səmərəli həll yollarının axtarılması, AMEA-nın elmi müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılması və digər məqsədlərlə belə bir şuranın təşkili vacibdir.
Məsələ müzakirə olunduqdan sonra AMEA Elmi Müəssisələrinin Direktorları Şurası təsis edilib, həmçinin şuranın əsasnaməsi və tərkibi təsdiq olunub. AMEA-nın prezidenti, akademik A. Əlizadə şuranın sədri təyin edilib.
Müzakirəyə təqdim olunan növbəti məsələ AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası barədə olub. Akademik Akif Əlizadə çıxışı zamanı vurğulayıb ki, elmi fəaliyyət sahəsindəki islahatların əsas hərəkətverici qüvvəsi gənclik olmalıdır: "Akademiyada gənclərlə bağlı mövcud təşkilati strukturlar və ənəvi iş prinsipləri qeyd olunan məqsədlərin reallaşdırılmasına imkan vermir. Bu, onların fəallığının artırılması və irəli sürdükləri təşəbbüslərindəstəklənməsi ümün əsaslı təşkilati islahatların həyata keçirilməsi zərurəti meydana çıxarıb".
Məsələ Rəyasət Heyəti tərəfindən bəyənilib. AMEA-nın elmi müəssisə və təşkilatlarının rəhbərlərinə bu ilin noyabrın 30-dək Gənc alim və mütəxəssislər şuralarının yaradılması tapşırılıb. Dekabrın 31-dək isə həmin şuraların səlahiyyətli nümayəndələrinin iştirakı ilə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağının keçirilməsi nəzərdə tutulur.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB