Bu gün Qaradağ rayon İcra Hakimiyyətinin 2013-cü ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. SİA-nın məlumatına görə, Qaradağ rayon İcra Hakimiyyətinin 2013-cü ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 6 oktyabr 2013-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Yığıncağın işində rayon İcra hakimiyyəti başçısının yanında Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Yığıncaqdan əvvəl Şura üzvləri, qonaqlar və ictimaiyyətin nümayəndələri tərəfindən Heydər Parkında Ulu Öndərin abidəsi ziyarət edərək abidənin önünə gül dəstələri qoyublar. Hesabat yığıncağında "Qaradağ rayon İcra Hakimiyyətinin 2013-cü ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunları üzrə hesabatı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 6 oktyabr 2013-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr barədə" rayon İcra hakimiyyətinin başçısının müavini Zəfər Əliyevin məruzəsi dinlənilib.
Məruzədə qeyd olunub ki, rayon üzrə sənaye məhsulunun ümumi dəyəri 416 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 25,5 milyon manat olub. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 373,9 milyon manat investisiyadan istifadə edilib. İstifadə olunan vəsaitin 254,6 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 350,3 min ton xam neft və 215,6 milyon kub metr təbii qaz hasil olmuşdur. Pərakəndə əmtəə dövriyyəsi 1,4 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər 62,2 milyon manat olub. Hesabat dövrü ərzində rayonumuzda orta aylıq əmək haqı 732,6 manata, sənayedə çalışanların isə 1038 manata çatıb.
Hesabat dövründə rayon əhalisinin və sosial obyektlərin enerji daşıyıcıları və kommunal xidmətlərlə normal təminatı sahələrində xeyli işlər görülüb. Belə ki, rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 5 yeni transformator məntəqəsi tikilib, 84 transformator məntəqəsi təmir edilib, artıq rayon üzrə sayğaclaşma 99,5% icra edilib. Ötən dövr ərzində 14 köhnə qaz tənzimləyici şkafı, 41 ədəd siyirtmə yenisi ilə əvəz edilib. Ötən qış mövsümündə 75 bina, 9 orta məktəb, 3 uşaq bağçası və 2 səhiyyə obyekti istiliklə təmin olunub.
Son illər Qaradağ rayonunda bir neçə mühüm obyektlərin inşası uğurla başa çatdırılıb. Qaradağ rayonunun şimal-şərq tərəfindən olan girəcəyi və Bakı-Astara magistral avtomobil yolunun Sahil qəsəbəsinin inzibati ərazisindən keçən hissəsinin sol tərəfində 2 hektar ərazi abadlaşdırılıb. Bakı-Astara yolunun Binə Ticarət Mərkəzinə yaxın hissəsi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb. Sahil qəsəbə istiqamətində getdikcə yolun sol hissəsində böyük dekorativ saat quraşdırılıb. Ümumilikdə rayon ərazisində ötən dövr ərzində 2 mindən artıq ağac və bəzək kolları əkilib. Əhalinin asudə vaxtının səmərəli təşkili üçün Lökbatan, Sahil, Qızıldaş, Ələt, Səngəçal, Müşfiqabad və digər qəsəbələrində nümunəvi həyətlərin salınması istiqamətində işlər görülür. Artıq Lökbatan, Sahil və Müşfiqabad qəsəbələrində 6 məhəllə abadlaşdırılıb, orada xeyir-şər evləri tikilib.
Rayon ərazisində olan yollara və məhəllədaxili həyətlərə ötən doqquz ay ərzində 198920 kv.m. asfalt döşənib. Eyni zamanda yararsız vəziyyətdə olan küçələrə 3000-ə yaxın maşın çınqıl və daş qırıntıları tökülərək yayılıb, 67596 p/m beton bordür qoyulub, 2920 p/m səki mişar daşı ilə hörülüb. Çoxmərtəbəli yaşayış binalarının giriş qəfəsində 36 qapı, 612 pəncərə, 285 ədəd küçə işığı quraşdırılıb.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın və "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planına əsasən rayon ərazisində təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə bir çox işlər görülür. Belə ki, Puta qəsəbəsindəki 326 nömrəli körpələr evi-uşaq bağçası üçün yeni binanın və Müşfiqabad qəsəbəsindəki 274 nömrəli tam orta məktəb üçün əlavə tədris korpusunun tikintisi işləri yekunlaşmaq üzrədir. Lökbatan qəsəbəsindəki "Bülbül", "Sevinc", Sahil qəsəbəsindəki "Aynur", "Nağıl" və 301 saylı körpələr evi-uşaq bağçalarının əsaslı təmirinə başlanılıb. Yeni tədris ilində Lökbatan qəsəbəsində yerləşən 233, Sahil qəsəbəsində yerləşən 253 və 273 nömrəli tam orta məktəblər əsaslı təmirdən sonra şagirdlərin ixtiyarına verilib. Səhiyyə sahəsi üzrə Lökbatan qəsəbəsindəki 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında işlər yekunlaşıb. Həmin xəstəxananın poliklinika şöbəsi və Müşfiqabad qəsəbəsində 13 nömrəli Şəhər Poliklinikasının əsaslı təmiri başa çatdırılıb və istifadəyə verilib. Hazırda Qobustan qəsəbəsindəki 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası üçün yeni binanın inşası davam etdirilir və Puta qəsəbəsindəki 9 Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri yekunlaşıb.
Hesabat məruzəsindən sonra gündəlikdəki məsələ üzrə Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin müdiri Xançoban Dəmirov və 9 saylı Birləşmiş Şəhər Xəstəxanasının müdiri Aydın Əhmədov çıxış ediblər.
Gündəlikdəki məsələyə dair Qaradağ rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilib və yekdilliklə qəbul edilib.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətin qəbul edilib.
Hesabat yığıncağını yekun sözü ilə bağlayan Qaradağ rayon İcra Hakimiyyətinin başçısının müavini Zəfər Əliyev möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB