Gürcüstanda Beynəlxalq Gənclər Festivalına start verilib

Gürcüstanda Beynəlxalq Gənclər Festivalına start verilib

Gürcüstanın Siqnaxi şəhərində Gürcüstanın İdman və Gənclər Nazirliyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə layihəsi olan Beynəlxalq Gənclər Festivalına start verilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, festivalın keçirilməsində məqsəd iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığı inkişaf etdirmək, ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır. Tədbirdə Azərbaycan Respublikası tərəfindən gənclər və idman naziri Azad Rəhimovun və digər rəsmi şəxslərin, respublikanın aparıcı gənclər təşkilatlarının rəhbərlərinin, ictimai fəal, yaradıcı və istedadlı gənclərin iştirakı nəzərdə tutulub.

19 oktyabr tarixinədək davam edəcək festival çərçivəsində Azərbaycan ilə Gürcüstan arasında gənclərlə iş və idman sahələrində imzalanan əməkdaşlıq haqqında Sazişlərin müddəalarını həyata keçirilməsi üçün 2014-2015-ci illər üçün tədbirlər planı imzalanacaq.

Bundan başqa idman yarışları, müxtəlif sənətkarlıq işlərinin sərgisi, milli xörəklərimizin nümayişi, moda sərgisi, hər iki ölkənin gənclər təşkilatları ilə görüş və Azərbaycan və Gürcü gənclərinin iştirakı ilə konsert proqramının təşkili nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə