Elşən Musayev: “Azərbaycanı öz uğrulu inkişaf yolundan kimsə sapdıra bilməz”

Elşən Musayev: “Azərbaycanı öz uğrulu inkişaf yolundan kimsə sapdıra bilməz”

"Azərbaycan heç bir xarici dövlətin vassalı deyil və heç bir zaman da olmayacaq. Kimsənin də fikri bir zamanların xaos dövrünə getməsin. Çünki, artıq bu ölkənin vətəndaşı ötənlərdən fərqli olaraq yetkin, oturuşmuş bir siyasi şüura sahibdir. Eyni zamanda mövcud siyasi meydan 92-də hakimiyyəti qəsb edən avantüristlərin deyil, milli maraqları və dövlətçiliyi qorumağa qadir bir komandanın əlindədir. Belə olduğunda isə nə Amerikanın, nə onun Dövlət Departamentinin, nə ATƏT-in müşahidəçi missiyasının, nə də bənzər formatda çıxış edən qüvvələrin verdiyi bəyənatlar, onların əl altdan gördüyü işlər və ya seçkidən öncə rəhbərliyə ünvanlamış olduqları absurd, qeyri-etik, qeyri-demokratik tövsiyyələr bu ölkəni inkişaf xəttindən, sahib olduğu dəyərlərdən sapdıra bilməz". SIA xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev son günlər Azərbaycanda keçirilən Prezident seçkiləri ilə bağlı bir sıra qüvvələrin sərgilədiyi qərəzli fəaliyyətə və münasibətə cavab olaraq bildirib.

"Dünən, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin mətbuat üçün geniş bir açıqlaması oldu. Məlum açıqlamada çox ciddi məqamlara toxunulub. Eyni zamanda hörmətli Ramiz müəllim ölkədəki proseslərə diktə və müdaxilə etmək istəyənlərin əsl kimliyini,mahiyyətini açıq bir mesajla cəmiyyətə çatdırıb. Təbii ki, bu həm də dövlətin mövqeyidir. Onun prioritetlərinə, müstəqil siyasətinə, davamlı inkişafına zidd gedənlər üçün verilmiş layiqli cavabdır.

Və..belə bir məqamda bir tək rəhbər şəxslərin deyil, ümumən hər birimizin, vətəndaş cəmiyyətinin bütün təbəqələrinin, ələlxüsus da ictimai-siyasi sektor nümayəndələrinin ortalığa mövqe qoyması gərəkdiyini düşünürəm. Və ya madam ki, dövlət öz vətəndaşı ilə bu qədər açıqdır, onu ətrafda gedən proseslərdən agah etməyə bu qədər qərarlıdır, o zaman həmin vətəndaşın da birbaşa və birmənalı borcu ondan ibarətdir ki, bütün gərəkən məqamlarda onu təmsil edən, onun iradəsini, maraqlarını qoruyan dövlətin müdafiəsində və hizmətində dayansın", - deyə politoloq fikirlərinə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə