Müqəddəs Qurban Bayramı Səbail rayonunda qeyd olunub

Müqəddəs Qurban Bayramı Səbail rayonunda qeyd olunub

Müsəlman dünyasının ən əziz bayramlarından olan Qurban Bayramı Azərbaycanda son illərdə böyük təmtəraqla keçirilir. Bu zaman hər bir insan öz xeyirhaq əməlləri ilə ehtiyacı olan insanlara yardımlar edir, onlara kəsdikləri qurbanlardan pay göndərirlər.

SİA-ya verilən xəbərə görə, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səbail rayonundakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə qurbanlar kəsilməsi təşkil olunub. Keçirilən tədbirlərdən biri Bayıl yaşayış sahəsindəki "Bakı gecələri" restoranında təşkil olunan mərasim olub.

Rayonda fəaliyyət göstərən Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Səbail rayon Təşkilatının, "Qızıl Aypara", Korlar, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və "Sodrucestvo" cəmiyyətlərinin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunan mərasimə toplaşanları Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev müqəddəs Qurban Bayramı münasibəsi ilə təbrik edib, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyəti xüsusi olaraq vurğulayıb. O, rayonda həyata keçirilər sosial yönümlü işlər barədə məlumat verib. Bildirilib ki, bu işlərlə yanaşı rayon sakinlərindən 3 nəfər həcc ziyarətinə göndərilib, Qurban Bayramı ilə əlaqədar Səbail rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə yerləşən 27 yataqxanada kompakt məskunlaşan məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 5000-dən çox ailəyə qurban payları təqdim edilib.

Tədbirdə çıxış edən ictimai birliklərin, Veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirib, onu oktyabrın 9-da keçirilən Prezident seçkilərində inamlı qələbəsi münasibəti ilə təbrik ediblər.

Qurban Bayramı ilə əlaqədar tədbirlər Badamdar və Bibiheybət qəsəbələrində, "Bibiheybət" ziyarətgahı və İçəri şəhərdəki "Cümə" məscidində də keçirilib, daha sonra məscidlərdə imkansızlar üçün bayram süfrələri təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə