Hacı Şahin Həsənli: “Hər kəs kəsdiyi qurbandan ehtiyacı olan insanlara verməlidir” MÜNASİBƏT

Hacı Şahin Həsənli: “Hər kəs kəsdiyi qurbandan ehtiyacı olan insanlara verməlidir” MÜNASİBƏT

"Qurban kəsməklə insan öz nəfsini Allah yolunda qurban kəsmiş, digərlərinə yardım etməklə isə həmdərdliliyini nümayiş etmiş olur". Bu sözləri SİA-ya ilahiyyatçı Hacı Şahin Həsənli qurbanlığın mahiyyətindən danışarkən deyib. O bildirib ki, qurbanlığın özünəməxsus mahiyyətləri var.

Onun sözlərinə görə, qurbanlıq bir daha insanlara ictimai məsuliyyəti xatırladır: "Qurban Həzrəti İbrahimdən (ə.s) qalan ayədir və quran da bunu təsdiqləyib. Həzrəti İbrahim yuxuda görür ki, oğlu İsmayılı qurban kəsir. Deyirlər ki, peyğəmbərlərin yuxusu Allahın vəhyi hökmündədir. Ona görə də Həzrəti İbrahim neçə ildən sonra tapdığı oğlunu Allahın əmrinə çatdırır və Həzrəti İsmayıl da əmrə itaət edəcəyini bildirir. Həzrəti İbrahim oğlunu qurban kəsməyə apardıqda bıçaq onu kəsmir. Onun yerinə Allah təala tərəfindən yerə qoç nazil olur. Beləliklə də İbrahim bu imtahandan üzü ağ çıxmış olur. İsmayılın yerinə qoçu kəsir. Əslində bunun fəlsəfi anlamı var. Həzrəti İbrahim övladına bağlı olmasına baxmayaraq, o tanrı eşqinə görə, övladının sevgisindən imtina edir. Bununla da Həzrəti İbrahim mənəvi kamillik zirvəsinə ucalır. Hər bir insan qurban kəsməklə əslində öz nəfsini allah yolunda kəsmiş olur".

Hacı Şahin vurğulayıb ki, hər kəs kəsdiyi qurbandan ehtiyacı olan insanlara verməlidir: "Belə ki, insan fərdi ibadətə qapılaraq, digərlərini unutmamalıdır. Qurban kəsməklə vəzifəni yerinə yetirmiş olmursan. Burada əsas onu kəsməklə yanaşı imkansız, ehtiyacı olanları yad etməkdir. Qurban kəsən hər kəs kəsdiyi paydan ehtiyacı olanlara paylamalıdır. Bir insan digər insanlara nə qədər faydalıdırsa, allahına da yanında bir o qədər əzizdir".

Bütün xəbərlər Facebook səhifəmizdə