Qala qəsəbəsində velo-yürüş keçirilib FOTO

Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC tərəfindən gənclər arasında velo-yürüş təşkil olunub. Qurumdan SİA-ya verilən məlumata görə, 50-yə yaxın gəncin qatıldığı aksiya 2 mərhələdən ibarət olub. Birinci mərhələ çərçivəsində Qala Tarixi-Etnoqrafiya Muzeyi qarşısından start götürən və qəsəbə ərazisində təyin edilən marşrut üzrə davam edən veloyürüşə gənclər çox böyük maraqla qatılıb, həm əylənib, həm də sağlam həyat tərzinin təbliğatçıları qismində çıxış ediblər. Veloyürüş bitdikdən sonra isə açıq havada iştirakçılar üçün piknik təşkil edilərək, çöl şəraitində sağlam qidalanma ilə bağlı təlim keçirilib. Piknik zamanı gənclər aralarında ünsiyyət yaradaraq ətraf mühitin təmiz saxlanılmasına, ekologiyaya qayğı ilə yanaşmaya və tullantıların idarəedilməsi sahəsinə aid müzakirələr apardılar dair söhbətlər apardılar. Piknik bitdikdən sonra isə gənclər piknik ərazisini təmizlədilər.

Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizin gələcək vətəndaşları olan gənclərin diqqətini tullantıların idarəedilməsi sahəsinə bir daha yönəltmək, eləcə də sağlam həyat tərzini təbliğ etmək, insanları ekologiyaya vurulan ziyanın mümkün qədər minimallaşdırılmasına çağırmaq, eyni zamanda gənclərdə həm ekoloji həm də piknik mədəniyyətini inkişaf etdirməkdir.

Qeyd edək ki, velo-yürüş Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC tərəfindən həyata keçirilən "Təmiz Qala" pilot layihəsi çərçivəsində həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə