Azərbaycanda 1878-ci ildə ilk dəmir yolu salınıb. Bu gün Azərbaycanda irili-xirdalı 176 dəmir yolu stansiyası vardır və onlar ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynayırlar. SİA-nın məlumatına görə, XX əsrin 90-cı illərinin əvvəllərində dəmir yolu sahəsi tənəzzülə uğrasa da, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdışı respublikanın polad şəbəkəsi dirçəliş dövrünə qədəm qoyub. Dəmir yolunun idarəetmə strukturları dəyişdirilib, xidmət və şöbələrin bazasında müstəqil fəaliyyət göstərən istehsalat birlikləri, müəssisə və təşkilatlar yaradılıb. Ölkədaxili, qonşu ölkələrə sərnişin daşınmasının yüksək səviyyədə təşkili üçün yeni vaqonlar alınıb, qonşu ölkələrin dəmir yolları ilə iqtisadi əlaqələri bərpa edilib. Dəmir yolu vasitəsilə tranzit yüklərin daşınmasına da böyük əhəmiyyət verilib.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi islahatlar Azərbaycan dəmir yolunun tərəqqisinə də öz müsbət təsirini göstərməkdədir. Dövlətimizin başçısının Azərbaycanın dəmir yolu işçilərinin ölkə iqtisadiyyatının inkişafında və sosial həyatında mühüm rolunu nəzərə alaraq 2005-ci il 7 oktyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 13-nü Dəmir yolu işçilərinin peşə bayramı günü kimi təsis etməsi isə bu sahəyə dövlət səviyyəsində olan qayğı və diqqətin bariz göstəricisidir. Respublikada dəmir yolunun hərtərəfli inkişafını, iqtisadiyyatın və əhalinin daşımalara olan tələbatının daha dolğun ödənilməsini, idarəetmənin təkmilləşdirilməsini və görülən işlərin səmərəliliyinin daha da artırılmasını təmin etmək məqsədi ilə Prezident İlham Əliyevin 2009-cu il 20 iyul tarixli Sərəncamı ilə yaradılan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti isə ölkəmizdə dəmir yolunun inkişafını təmin edən əsas qurumdur.
Bu gün ölkəmizin regionda və beynəlxalq aləmdə artan nüfuzu, iqtisadi inkişafı respublikamızın dəmir yolu sahəsində də böyük layihələr həyata keçirməsinə əlverişli zəmin yaradıb. Belə ki, tarixi "İpək yolu" adlanan və xalqlar arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı sazişin 2007-ci il fevralın 7-də imzalanması bu baxımdan əlamətdar tarixi hadisədir. Bu layihənin Xəzər hövzəsi regionunun və Mərkəzi Asiya ölkələrinin Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasında xüsusi rolu olacaq. Bundan başqa, bu layihənin həyata keçirilməsi yük və sərnişinlərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə birbaşa Avropaya və Çinə çıxışına, ölkəmizin Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə xidmət edəcək. Bakı-Tiflis-Qars dəmir yolunun tam olaraq 2014-cü ildə istifadəyə verilməsi planlaşdırılır.
Bundan başqa, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yol əsaslı təmir edilir ki, məhz bunun nəticəsində də qatarların sürət həddini 140 kilometrədək artırmaq mümkün olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB