Səttar Mehbalıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Səttar Mehbalıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yenidən prezident seçilməsi münasibəti ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev təbrik məktubu ünvanlayıb.

SİA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli Prezident! Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, dövlətimizin möhkəmlənməsi, xalqımızın firavanlığı naminə sizə uzun ömür, cansağlığı və gərgin, şərəfli işinizdə uğurlar arzulayıram. Son prezident seçkisi bir daha göstərdi ki, ölkəmizdə demokratiya ardıcıllıqla bərqərar olur. Azərbaycan xalqı öz taleyini həll etməkdə tam müstəqildir. Kimi, nə üçün növbəti 5 ilə prezident seçməkdə müdrik qərarlar qəbul etmək iqtidarındadır.

Xalq artıq 10 ildir ki, sizin nəyə qadir olduğunuzu öz şəxsi həyatında görür və yaşayır. Siz, 2008-ci ildə andiçmə mərasimində vəd etdiyiniz kimi, hər bir vətəndaşın prezidenti olaraq ölkə əhalisinin ehtiyac və tələblərini gündəlik fəaliyyətinizin prioritetinə çevirdiniz. Siz dövlətin inkişaf istiqamətlərini də fenomen bir məharətlə müəyyənləşdirməyi bacardınız. Hazırlayıb icrasını şəxsi nəzarətinizdə saxladığınız müxtəlif sahələr üzrə dövlət inkişaf proqramları buna parlaq misaldır. Məhz həmin proqramların uğurlu nəticəsidir ki, son 5 ildə ümumi daxili məhsul 3,5 dəfə artıb. Sizin hakimiyyətə gəldiyiniz illə müqayisədə ümumi daxili məhsul təxminən 2 milyard dollardan 25-30 milyarda çatıb.

Təhsil və səhiyyənin təkmilləşdirilməsi, ictimai, mədəni həyatın yüksəlməsi də sizin adınızla bağlıdır. Həmkarlar ittifaqı lideri kimi, aparılan sosialyönümlü islahatları xüsusi olaraq qeyd etməyə bilmərəm.

Hörmətli İlham Əliyev!

Əhalinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində atdığınız addımlar mütəmadi xarakter daşıdığından ölkə vətəndaşlarının rəğbətini qazanmaqla yanaşı, dünya ölkələrinin də həsədaparıcı marağına səbəb olmusunuz. Müəllifliyinizlə ərsəyə gələn güclü pensiya sistemi öyrənilib digər dövlətlərdə də tətbiq edilməkdədir. Ölkəmizdə 10 ildir ki, siyasi sabitlik hökm sürür. Yoxsulluq minimum həddə çatıb, məşğulluğun səviyyəsi aydan-aya artır. Prezident seçkilərində, hələ ilkin məlumata görə, 80 faizdən çox seçici səsi toplamağınız Sizin vətənə, xalqa məhəbbətinizin, dövlətçiliyə sədaqətinizin halal bəhrəsidir.

Seçkilərin demokratik xarakterdə başa çatması Azərbaycana dünya dövlətləri tərəfindən göstərilən etimadı, onun beynəlxalq aləmdə nüfuzunu daha da artırdı. Təkrar da olsa deyim ki, xalqımızın bütün zümrələri, o cümlədən respublika həmkarlar ittifaqının fəalları və üzvləri sizin yürütdüyünüz siyasi, iqtisadi və xarici siyasət kursunu bəyənir və ona inanır. Bu inama arxalanaraq təşkilatımızın milyon yarımdan çox üzvü hələ ilin əvvəlində keçirilmiş AHİK-in IV qurultayında indiki prezident seçkilərinə sizin namizədliyinizi irəli sürüb və bu barədə ali məclisimiz qərar qəbul edib.

Hörmətli Prezident!

Mən tez-tez əhali arasında olur, işçilərlə söhbətlər aparıram. Müşahidələrimə əsasən deyə bilərəm ki, ölkəmizdə gedən abadlıq, tikinti işləri, həyata keçirilən irimiqyaslı infrastruktur layihələr, bölgələrin tarazlı inkişafı əhalimiz tərəfindən böyük sevinclə qarşılanır. Sizi bir daha bir milyon altı yüz min həmkarlar ittifaqı üzvü adından və şəxsən öz adımdan prezident seçkilərində qələbə çalmağınız münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə