Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva prezident seçkilərini izləmək üçün qardaş Türkiyədən gələn Türkiyə Böyük Millət Məclisinin bir qrup millət vəkilləri ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə TBMM-nin millət vəkili, Türkiyə Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Univar, millət vəkilləri Emin Önen, Harun Karaca, Tulay Şahinoğlu, Belma Satır, Gülay Dalyan, Sevim Savaşer, Öznur Çalık, Alparslan Kavakoğlu və başqalarının daxil olduğu geniş nümayəndə heyəti ilə maraqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanda keçirilən prezident seçkilərini izləmək üçün Türkiyə Böyük Millət Məclisinin təxminən 30 millət vəkili Azərbaycana səfər edib. Görüş zamanı seçicilərin aktivliyi, səsvermə prosesinin yüksək səviyyədə təşkil olunması vurğulanıb.
Millət vəkili Qənirə Paşayeva seçicilərin rahat və sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradıldığını qeyd edib: "Seçici aktivliyi yüksək idi. Eyni zamanda, seçki məntəqəsində səsvermə prosesini izləmək, müşahidə aparmaq üçün həm yerli, həm beynəlxalq müşahidəçilərin fəaliyyətinə də geniş şərait yaradılıb. Onlar da çox rahat şəkildə səsvermə prosesinin gedişini izləyə bilirdilər. Bir sözlə, seçkilərin yüksək səviyyədə keçirildiyini və səsvermə prosesinin də eyni ilə yüksək səviyyədə təşkil edildiyini söyləmək olar".
Azərbaycanda keçirilən prezident seçkilərinin yaxşı səviyyədə təşkil olunduğunu vurğulayan Türk millət vəkilləri, müşahidə apardıqları seçki məntəqələrində yüksək seçici fəallığını müşahidə etdiklərini deyiblər. Seçkilərin dinc və azad şəraitdə keçirildiyini deyən Türkiyə nümayəndə heyətinin üzvləri müşahidə apardıqları ərazidə seçim prosesinin beynəlxalq standartlara uyğun şəkildə gerçəkləşdirildiyini qeyd ediblər. Azərbaycanda keçirilən prezident seçkilərinin Azərbaycan xalqı və dövləti üçün xeyirli olması diləyini ifadə edən Türkiyə nümayəndə heyətinin üzvləri müşahidə apardıqları seçki məntəqələrində ciddi qanun pozuntuları ilə qarşılaşmadıqlarını bildiriblər.
Qeyd edək ki, görüşdə Azərbaycan və Türkiyə arasında bütün istiqamətlərdə mövcud yüksək səviyyəli əlaqələrin prezident seçkilərindən sonra daha da genişlənəcəyinə və inkişaf edəcəyinə inam ifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB