ABŞ müşahidəçilərindən ibarət nümayəndə heyəti hesab edir ki, Azərbaycanda keçirilmiş prezident seçkiləri azad və demokratik olub. Bunu Bakıda brifinqdə Konqresin Texasdan olan sabiq üzvü Salomon Ortis deyib.
O bildirib ki, ABŞ nümayəndə heyəti 48 nəfərdən ibarətdir və heyətə keçmiş konqresmenlər, siyasi məsləhətçilər, jurnalistlər və digərləri daxildir: "ABŞ-dan olan müşahidəçilər seçkilər zamanı 250 seçki məntəqəsində olublar".
Onun sözlərinə görə, müşahidəçilər əhalinin yüksək seçki fəallığını qeyd ediblər, bu, seçkilərə ciddi münasibətdir: "Müşahidəçilərin sözlərinə görə, seçkilər sakit keçib və seçki gününün istirahət günü elan edilməsi əhalinin öz vətəndaşlıq borcunu yerinə yetirməsi üçün yaxşı imkan yaratdı. Bizim ciddi şikayətlərimiz yoxdur".
Almaniya müşahidə qrupu: Azərbaycan bu seçkilərlə beynəlxalq demokratik standartlara doğru növbəti addım atıb
Azərbaycanda prezident seçkilərinin gedişini müşahidə etmiş Almaniyanın seçkiləri müşahidə qrupu bəyanatla çıxış edib. Qrupun rəhbəri Eduard Lintnerin imzaladığı bəyanatda deyilir: "Heyətin bütün üzvləri müşahidə aparmaq üçün seçki məntəqələrini tam sərbəst olaraq seçib və seçkiləri diqqətlə müşahidə ediblər. 10 namizədin adı seçki bülletenlərində qeydə alınmışdı, bu isə ədalətli və bərabər seçkini təmin edirdi. Seçkiqabağı müddətdə namizədlər təşviqat üçün İctimai Televiziya və Radio kanalında bərabər efir vaxtı ilə təmin olunub. Bütün namizədlərin ölkə üzrə öz seçiciləri ilə görüşmək və təşviqat aparmaq imkanları var idi. Seçki məntəqələrində və ətrafında demokratik seçki qaydalarının ciddi pozulması halları baş verməyib. Seçicilərin şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etdikdən sonra bir neçə məntəqədə səs verməsinin qarşısını almaq məqsədilə onların barmaqları mürəkkəblənib. Daha sonra seçicilər seçki bülletenlərini götürüb xüsusi seçki kabinələrinə daxil olur və heç bir müdaxilə olmadan sərbəst şəkildə səs verirdilər. Seçki bülletenləri şəffaf seçki qutularına atılırdı. Yerli orqanların nümayəndələri və ya nəzarətçi geyimli şəxslər seçki məntəqələrinin ətrafında idilər. Heyət üzvləri nə elementar demokratik qaydalara qarşı, nə də ümumiyyətlə, hər hansı zorakılıq müşahidə etməyiblər. Alman nümayəndə heyətinin bütün üzvləri prezident seçkilərinin azad və sərbəst, əsas demokratik qaydalara uyğun keçdiyinə əmindirlər. Alman heyətinin fikrincə, seçkilər eyni zamanda dövlətin öz qanunlarına uyğun keçirilib. Azərbaycan bu seçkilərlə beynəlxalq demokratik standartlara doğru növbəti addım atıb".
Qeyd edək ki, alman müşahidə qrupu 36 üzvdən ibarət olub. Heyətə Avropa Parlamentinin deputatları, Alman Bundestaqının, Bavariya parlamentinin üzvləri və sabiq parlamentarlar, eləcə də alman mətbuatının nümayəndələri daxil olub. Onların hamısı Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən prezident seçkilərini müşahidə etmək üçün dəvət ediliblər.
Avropa Parlamenti müşahidə missiyasının rəhbəri Azərbaycanda seçkilərin sakit və qaydalara uyğun keçirildiyini açıqlayıb
"Bu gün Azərbaycanda prezident seçkiləri çox sakit və qaydalara uyğun şəkildə keçirilib. Mən müşahidələrimə görə deyə bilərəm ki, bu proses sərbəst şəkildə baş tuturub". Bunu seçkilərin gedişini izləyən Avropa Parlamentinin Azərbaycanda prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Pino Arlaçi deyib.
Onun sözlərinə görə, Azərbaycanda keçirilən prezident seçkiləri normal qiymətləndirir: "Mühit çox rahat idi, insanlar da son dərəcə sərbəst və rahat idilər". Pino Arlaçi qeyd edib ki, ölkədə keçirilən seçkilərlə bağlı yekun rəy sabah açıqlanacaq.
Ukrayna mw.ahid’ qrupu: Seçkilərin legitimliyinə şübhə yaradan hər hansı ciddi nöqsan aşkar olunmayıb
"Prezident seçkiləri zamanı seçkilərin legitimliyinə şübhə yaradan hər hansı ciddi nöqsan aşkar olunmayıb". Bu barədə Azərbaycanda prezident seçkilərini izləyən Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvü Oleq Zarubinski bildirib.
Onun sözlərinə görə, 6 nəfərdən ibarət müşahidə missiyası 10 seçki məntəqəsində fəaliyyət göstərib və orada sakit, işgüzar şərait hökm sürüb: "Müxtəlif partiyaları təmsil edən müşahidəçilərin işi konstruktiv idi. Seçkilərdə 10 namizədin qeydə alınması rəqabətdən xəbər verir. Seçki monitorinqi zamanı da heç bir ciddi çatışmazlıq qeydə alınmayıb, səslərin sayılması qanunvericiliyə uyğun olub".
Baltik Assambleyasının prezidenti: "Azərbaycanda prezident seçkiləri azad və müsbət keçirilib"
"Azərbaycanda prezident seçkiləri azad və müsbət keçirilib". Bunu Baltik Assambleyasının prezidenti, Latviya Seyminin (parlament) üzvü Raymonds Veyons deyib. O bildirib ki, müşahidə missiyası 9 seçki məntəqəsini ziyarət edib və məntəqələr beynəlxalq qanunvericiliyə uyğun təchiz olunub. R.Veyons əlavə edib ki, MSK peşəkar çalışıb, bu da ölkə rəhbərliyinin şəffaf və demokratik seçkilərin keçirilməsində maraqlı olduğunu göstərir.
R.Veyons ciddi pozuntulara rast gəlinmədiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB