Elşən Musayev: “SMDT konkret missiya həyata keçirir”

Elşən Musayev: “SMDT konkret missiya həyata keçirir”

"Bütün bu proseslər və Azərbaycan əleyhinə yönələn nizamlı ardıcıllıq bir daha belə düşünməyə əsas verir ki, "5-ci kolon"un nümayəndələri hələ seçkinin nəticələri elan olunmadan belə öz missiyalarını aydın şəkildə bəyan etməyə, bildirməyə qərarlıdırlar. Heç şübhəsiz, onları da təlimatlandıran, istiqamətləndirən tərəflər var və burada hər hansı bir təsadüf elementlərini axtarmaq sadəcə sadəlöhvlük olardı". SİA xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin təqdim etdiyi aralıq hesabata münasibət bildirərkən söyləyib.

"Hesabatda iddia olunur ki, ölkədəki siyasi və hüquqi mühit səmərəli seçki kampaniyasının keçirilməsi üçün şərait yaratmayıb"

Absurddur deyilmi? Əvvəla ölkədəki seçki mühiti və bütün namizədlərə bərabər şəraitin yaradılması faktı göz önündədir. İkincisi, bunu bir tək biz deyil, dünyanın tanınmış beyin mərkəzləri və analitikləri də deyir. Hansı ki, hazırda mövcud hakimiyyəti sərt tənqid edən və bəlli mərkəzdən idarə olunan qeyri-hökümət təşkilatlarının özü də müxtəlif zaman kəsiklərində(əsas da özlərinə sərf edən məqamlarda)həmin qurumların təqdim etdiyi hesabatlardan bəh-bəhlə istifadə ediblər. Və nəhayət, seçki bitməmiş, səsvermənin nəticələri elan olunmamış bu qondarma təşkilatların nəyin müzakirəsini apardığı da son dərəcə maraqlıdır.

SMDT-nin bütün fəaliyyət parametrləri özündə bu həqiqəti ehtiva edir ki, eyni adlı qurum konkret missiya həyata keçirir. Elə ancaq onların beynəlxalq tərəfdaşlarına və donor mənbələrinə nəzər yetirmək kifayətdir ki, dediyim qənaət digərlərində də hasil olsun. Digər bir tərəfdən isə qeyd edim ki, təqdim edilən hesabat SMDT və Könüllülərin Beynəlxalq Əməkdaşlıq Mərkəzi tərəfindən ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratiya İnstitutu (NDİ) və ABŞ Milli Himayə Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hazırlanıb. Belə olduğunda isə artıq real mənzərə ortalığa çıxır. Yəni fərqli gözləntidən söhbət belə gedə bilməzdi. Niyə? Çünki Anar Məmmədlinin üzərində avtomatik olaraq layihə gərəyi bir öhdəlik yaranıb. Həmin öhdəliyin prioriteti isə "xozeynlərə", ələlxüsus da ATƏT DTİHB, AŞPA və Avropa Parlamentinə lazımı anda mesaj göndərmək kimi xarakterizə olunmalıdır.

"Digər bir tərəfdən, SMDT kimi qondarma təşkilatlar ABŞ-ın marağı olduğu hər bir ölkədə yaranıb. Məsələn Rusiyada bu, "Qolos" təşkilatıdır. Həmin təşkilatlar hər hansı bir seçki ilə bağlı sifarişli rəy açıqlayır, sonra isə beynəlxalq müşahidə missiyaları, Qərbin rəsmi dairələri bu qiymətə əsaslanaraq bəyanatlar verir. Yəni bu qədər bəsit!

2005-ci il seçkilərində SMDT Seçkilərin Monitorinq Mərkəzi adı altında koalisiya şəklində fəaliyyət göstərirdi. Həmin vaxt qurumun yekun bəyanatını ABŞ-dan gələn iki şəxs hazırlayaraq yaydı və A.Məmmədlinin bu bəyanatın hazırlanmasından xəbəri belə olmadı. Çünki onu SMM-in qərargahında xaricilərin oturduğu otağa buraxmırdılar. Çox maraqlıdır ki, həmin vaxt Azərbaycana səfər edən ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt da öz bəyanatında həmin mətnə istinad etmişdi", - deyə politoloq fikirlərinə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə