Hacı Surxay: “Qurbanlıq heyvanların şəhərdən kənarda kəsilməsi daha məqsədəuyğundur” AÇIQLAMA
"Qurban sözü - ərəbcə yaxınlıq mənasını ifadə edir. Yəni, bu, Allaha yaxınlaşmaq mənasında tərcümə olunur". Bunu SİA-ya İçəri şəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli Müsəlmanların müqəddəs bayramı olan Qurbanlığın faydaları haqqında danışarkən deyib.
"Qurbanlığa həm fərdi, həm də ictimai yöndən baxmaq lazımdır. Bəzən bizlər ibadət deyərkən, yalnız fərdi şəkildə ibadətlərin həyata keçməsini düşünürük. Əslində, dinimiz insanların fərdi şəkildə ibadət etməsini tövsiyyə və qəbul etmir. Dinimiz bizə insanların ümumi fəaliyyətinin toplumda və insanların arasında olmasını tövsiyyə edir. Bu baxımdan da Qurbanlıq ictimai əhəmiyyətə malikdir. Təbii ki, bu gün hər hansı bir insan Qurbanlıq kəsirsə, bunu fərdi şəkildə həyata keçirir. Həmin Qurbanlığın ətinin bir və ya bir neçə insanlara paylanılması çox önəmli və təqdirəlayiqdir. Qurbanlıq şəriət baxımı ilə bir neçə heyvanların kəsilməsini vacib amil kimi hesab edir. Qurbanlıq heyvan kimi dəvənin kəsilməsinə gəlincə deyə bilərəm ki, Azərbaycanın bəzi yerlərində bu, məhduddur. İlk öncə, Qurbanlıq heyvan kimi dəvənin kəsilməsi çox önəmlidir. Eləcə də keçinin, inəyin, qoyunun xüsusilə isə erkək qoyunun (Qoç qurbanı) kəsilməsi vacibdir" – deyə, "Cümə" məscidinin axundu sözlərinə əlavə edib.
Hacı Surxay deyib ki, Qurbanlıq heyvanın erkək və ya dişi olmasının əslində, İslamda heç bir nöqsanı yoxdur: "Əgər heyvanların kəsimində əsas şərt onun qibləsidirsə və əti Allah tərəfindən halal olunan heyvanlardırsa, bunun heç bir haramçılığı, günahı, cinayəti yoxdur. Dişi heyvanların Qurbanlıq bayramında (10 minlərlə) kəsilməsi ona görə tövsiyyə olunmur ki, onların artımı azala bilər. Digər tərəfdən isə erkək heyvanların olması, xüsusi önəm kəsb edir. Səbəb isə əgər biz sağlam heyvandan (qoyunun) söhbət ediriksə, şəriət qaydalarına uyğun olaraq Qoç qurbanının kəsilməsi daha məqsədəuyğundur. Qurbanlıq heyvanlar ilk növbədə, sağlam olmalıdır. Həmin heyvanların bədən üzvləri, əzələləri naqis, zəif, taqətsiz olmamalıdır. Hətta Azərbaycan ənənəsində də var ki, bir insan Qurbanı (qoyun, inək, dəvə) bütün yemi, qidası, sağlamlığı ilə bir il ərzində hazırlayırlar. Əgər Qurbanlıq kəsilirsə, onun qulağı, dişi, gözü, arıq olmaması İslam dinində xüsusi əhəmiyyət daşıyır. Bu heyvanlar Allaha xatir kəsilməlidir. Allah bizlərdən naqis əməl istəmir, əksinə kamil əməl istəyir".
"Təbii ki, Qurbanlıqlar kəsilərkən, şəriət qaydalarına uyğun olaraq niyyət tutulur. Belə ki, burada bir və ya bir neçə insanın payı təşviq olunur. Yəni, əgər qoyun heyvanı kökdürsə, bu, üç və üçdən (7-yə qədər) artıq pay hesab olunmalıdır. Bir pay insanın öz ailəsinə aiddir, digəri bacıya, qardaşa, yaxınlara və nəhayət üçüncü pay qonşulara aiddir. Hətta hədislərə nəzər salarkən, İmam Əli Əlehsalam Qurban bayramında hər dəfə sevinər və gülərdi. Deyərdilər ki, Ya Əli biz səni il uzunu heç bir zaman sevinən və gülən görməmişdik. İmam Əli (ə.s) isə buyururdu ki, artıq bütün ehtiyacı olan insanların, acların evində Qurbanlıq əti var və onlar da ət yeyə bilirlər. İmam Əli (ə.s) məhz buna görə sevinc yaşayırdı. Bu gün maddi imkanı yaxşı olan insanlar nə qədər çox Qurbanlıq kəsərlərsə, bir o qədər də savab qazanarlar. Hətta Həzrət Peyğəmbər (s.ə.s) Rəsulullah hər zaman iki Qurban kəsərdi. Həzrət buyub ki, bir Qurban ailəsi üçün, digəri isə ehtiyacı olan insanlar üçündür. Dinimizin bizə təşviq, tövsiyyə etdiyi nələr varsa, onların hər biri insanların mənfəəti, sağlamlığı və gələcək həyat rifahının yaxşılaşması üçündür. Yəni din insanları ədalətə, bərabərliyə, birliyə dəvət edir. Qurbanlıq dünya müsəlmanlarının möhtəşəm bayramıdır. Bu baxımdan hesab edirəm ki, ətlərin bölgüsü düzgün aparılmalıdır. Xüsusilə, ehtiyacı olanlara böyük diqqət yetirilməlidir. Allah yanında təqva əhli olan şəxslər hörmətlidir. Yəni, onlar Allahdan mənəvi cəhətdən qorxurlar"- deyə, o bildirib.
Hacı Surxay insanların gur olduğu yerlərdə Qurbanlıq heyvanların kəsilib qanlarının küçələrə axıdılmasına da münasibət bildirərək deyib ki, bir neçə il bundan öncə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazilər şurasının fətvasına əsas olaraq, sanitar-gigiyena baxımından heyvanların insanların toplum olduğu yerlərdə kəsilməsini düzgün hesab etməyib və buna da icazə verilməyib: "Hesab edirəm ki, bu, yolverilməz bir hal kimi təqdim olunmalıdır. Həmin Qurbanlıq heyvanların şəhərdən kənarda kəsilməsi daha məqsədəuyğundur. Hətta bu, Allah tərəfindən gizli əməl kimi də qiymətləndirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB