Türk millət vəkillərindən ibarət nümayəndə heyəti BANM-da olublar FOTO

Türk millət vəkillərindən ibarət nümayəndə heyəti BANM-da olublar FOTO

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın başçılığı ilə Bakıda səfərdə olan TBMM-nin millət vəkilləri Mustafa Kabakcı, İdris Güllüce, Adnan Yilmaz, Tulay Selamoğlu, Suay Alpay və Alpaslan Kavaklıoğlu Bakı Ali Neft Məktəbində olublar. BANM-dan SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Azərbaycan və Türkiyə qardaş və dost dövlətlər olmaqla yanaşı, eyni zamanda bütün sahələrdə ən yaxın müttəfiq dövlətlərdir. Ümummilli lider Heydər Əliyevin "Azərbaycan-Türkiyə bir millət iki dövlətdir" ifadəsini vurğulayan Elmar Qasımov qeyd edib ki, hər iki dövlət ölkələrimizlə bağlı məsələlərin həllində bərabər addım atır və hər hansı yaranan maneənin aradan qaldırılması üçün bir-birinə dəstək olur. Azərbaycanın və Türkiyənin keçdiyi tarixi və inkişaf yolundan danışan Elmar Qasımov vurğulayıb ki, bu gün dünyada aparılan ikili siyasi yanaşma olmasına baxmayaraq, ölkələrimiz bütün sahələrdə sürətlə inkişaf edərək yerləşdikləri coğrafi regionun aparıcı dövlətlərinə və dünya dövlətləri üçün əhəmiyyətli müttəfiqə çevriliblər. Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən uğurlu layihələrdən və islahatlardan danışan rektor bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin ən önəm verdiyi sahələrdən biri də məhz təhsil sahəsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Neft kapitalını insan kapitalına çevirməliyik" şüarı da məhz bu sahəyə verilən əhəmiyyətin göstəricisidir. Daha sonra, Bakı Ali Neft Məktəbi haqqında qonaqlara ətraflı məlumat verən rektor bildirib ki, ali məktəbin yaradılmasında əsas məqsəd inkişaf edən ölkəmiz, eyni zamanda istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanması olub.

Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycan və Türkiyə dövlətlərinin birgə həyata keçirdikləri siyasi–iqtisadi strategiyanın əhəmiyyəti haqqında ətraflı məlumat verib. O bildirib ki, bu strategiyadan ən vacib olanı bizi bağlayan qardaşlığımızdır: "Bu gün iki qardaş dövlət birləşərək dünya və region dövlətləri üçün bir çox önəmli layihələrə imza atıb. Bakı-Tbilisi -Ceyhan, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Axalkalaki-Kars dəmir yolu xətti, TANAP və s. digər layihələr bunun bariz nümunələrindəndir".

Qeyd edək ki, tədbirdə çıxış edən digər millət vəkilləri Azərbaycan-Türkiyə arasındakı qardaşlıq bağları, tarix boyu düşmənlərə qarşı birgə mübarizəsi və bugünkü uğurları haqqında ətraflı məlumat veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə