BMT-nin Uşaq Fondu (UNICEF) və Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə çıxış edən UNICEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Mark Herevard Anlaşma Memorandumu vasitəsilə dünyada ilk dəfə Azərbaycanda əlilliyi olan uşaqların və yeniyetmələrin cəmiyyətə inteqrasiya olunmasında yeni bir mərhələnin başlandığını bildirib.
Onun sözlərinə görə, iki təşkilat arasında bu kimi əməkdaşlıq fiziki qüsurlu uşaqların və yeniyetmələrin sosial sferada rolunu artıracaq, onların da yeni uğurlar qazanmasına şərait yaradacaq: "Əlbəttə, imzalanacaq memorandumla biz bu sahədə dünyada əldə olunan uğurların mükəmməl şəkildə Azərbaycanda tətbiq olunmasını və sahə üzrə ən yaxşı mütəxəssislərin Bakıya gətirilməsi ilə bağlı öhdəlik götürürük. Təşkilatımız hər zaman Azərbaycanda paralimpiya sahəsində əlilliyi olan uşaqlara və yeniyetmələrə texniki cəhətdən dəstəkdir".
Daha sonra çıxış edən AMPK-nin prezidenti İlqar Rəhimov deyib ki, Anlaşma Memorandumu rəhbərlik etdiyi Komitə üçün çox əhəmiyyətli və qiymətli əməkdaşlıq vasitəsidir: "Komitəmiz bu layihəni UNICEF-in dəstəyi ilə reallaşdıracaq və uşaq paralimpiya hərəkatının inkişafına təkan verəcək. Azərbaycanda bu sahənin inkişafında böyük işlər görülür, idmançılarımız dünyada tanınmış simalara çevrilirlər. Biz bu hərəkata sıradan bir hərəkat kimi deyil, fiziki qüsurlu uşaqların və yeniyetmələrin cəmiyyətə adaptasiya olunması prosesi kimi yanaşırıq. Sözügedən hərəkata nəinki Azərbaycanda, hətta kənarda da maraq böyükdür".
Sonda AMPK-nin prezidenti İlqar Rəhimov və UNICEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Mark Herevard tərəfindən Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, Uşaq Paralimpiya Komitəsi 27 sentyabr 2013-cü il tarixdə AMPK İcraiyyə Komitəsinin qərarı ilə beynəlxalq təcrübədə ilk dəfə olaraq AMPK-nin nəzdində yaradılıb. Memorandumun imzalanmasında məqsəd Uşaqların Paralimpiya Hərəkatını beynəlxalq standartlar səviyyəsinə gətirmək üçün UNICEF və Azərbaycan Milli Paralimpiya Komitəsinin səylərinin bir araya gətirilməsidir.
Bu Anlaşma Memorandumunu imzalamaqla, AMPK və UNICEF, əlilliyi olan uşaq və yeniyetmələrin idman və oyunlarda iştirak etmələri üçün daha geniş əlçatanlıq və daha yaxşı imkanların, eləcə də onların cəmiyyətimizə inklüzivliliyinin təmin olunması sahəsində birgə fəaliyyət göstərmək üçün öhdəlik götürürlər.
İmzalanma mərasimində UNICEF və AMPK-lə ilə yanaşı, Milli Məclis, hökumət və vətəndaş cəmiyyətinin nümayəndələri və Paralimpiya İdmançıları da iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB