Qarabağ QHT Koalisiyası regionlarda keçirdiyi seminarlara yekun vurub

Qarabağ QHT Koalisiyası regionlarda keçirdiyi seminarlara yekun vurub

Qarabağ QHT Koalisiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi" layihəsi çərçivəsində növbəti seminarları Goranboy və Biləsuvar rayon 3 saylı Cəbrayıl məcburi köçkünlər qəsəbəsində keçirib.

Seminarda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qarabağ QHT Koalisiyasının sədri, layihənin koordinatoru Vüqar Qədirov 2013-cü ildə keçirilicək Prezident seçkisinin dövlətimiz və xalqımız üçün böyük bir hadisə olduğunu bildirib.

O, məruzəsində Azərbaycanın sürətlə inkişaf etdiyini, bütün bölgələrdə olduğu kimi Goranboy və Biləsuvar rayonlarında da aparılan tikinti-quruculuq işlərini, yeni salınan qəsəbələri dövlətin artan qüdrətinin, iqtisadi gücünün bir nümunəsi olduğunu vurğulayıb. O, məcburi köçkünlərin yeni, müasir tipli binalara köçürülməsi, onlar üçün nəzarətdə tutulan güzəştlərin, müavinətlərin ilbəil artırılması, Azərbaycan ordusuna ayrılan vəsaitin Ermənistanın dövlət büdcəsini bir neçə dəfə üstələməsi, regionların sosial-iqtisadi problemlərinin həllində həyata keçirilən dövlət proqramları, uğurlu gənclər siyasətinin həyata keçirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində aparılan siyasət və s. mövzusunda geniş məlumat verib.

V.Qədirov bu inkişafı, aparılan uğurlu milli və müstəqil dövlətçilik siyasətini bəzi xarici qüvvələrin həzm edə bilməməsini qeyd edib. İstər Prezident, istərsə də Parlament seçkilərində bu qrupların fəallaşmasının daha qabarıq göründüyünü və ölkəmizə qarşı təxribatyönümlü təzyiqlər göstərildiyini bildirib. Buna baxmayaraq, bütün seçkilərdə olduğu kimi, 2013-cü ildə keçiriləcək Prezident seçkisində də bütün seçicilər seçki məntəqələrinə gələrək öz layiqli namizədlərinə səs verəcək.

Tədbirdə çıxış edən digər natiqlər ilk dəfə səs verəcək gənclərin məlumatlandırılması, seçki qanunvericiliyinin müddəları, seçkidə vətəndaşların hüquq və vəzifələri barədə geniş məlumat veriblər.

Seçkilərə yüksək əhval-ruhiyyə ilə hazırlaşan seçicilər seçki günü öz iradələrini prinsipiallıqla ortaya qoyacaqlarını və Azərbaycanın davamlı inkişafının təmin olunmasında öz səsləri ilə layiqli namizədə dəstək verəcəklərini bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə