Lənkəran şəhər İcra başçısının sakinlərlə növbəti görüşü FOTO

Lənkəran şəhər İcra başçısının sakinlərlə növbəti görüşü FOTO

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü şəhərin "Böyük bazar" və "Qala Xiyabanı" ərazilərinin sakinləri ilə keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak ediblər.

Görüşü giriş sözü ilə Lənkəran ŞİH başçısının 1 nömrəli sahə üzrə inzibati ərazi dairəsinin nümayəndəsi Vidadi Dadaşov açaraq ərazilər və burada yaşayan sakinlər haqqında məlumat verib.

Sonra sakinlərdən Yusif Əliyev, Gülşən İbrahimova, İqbal Babayev, Ələddin Quliyev, Ramiz Nəsirov və başqaları çıxış edərək son zamanlar Lənkəranda aparılan genişmiqyaslı tikinti, abadlıq-quruculuq işlərindən danışıblar. Onlar rayonun sosial-iqtisadi həyatında əldə olunan uğurlardan bəhs edib qarşılaşdıqları bəzi problemləri İcra başçısının diqqətinə çatdırıblar.

Çıxış edənlər cənab Prezident İlham Əliyevin Lənkəranın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi haqqında son bir ildə imzaladığı sərəncamların uğurla icra olunduğunu, Lənkəranda yeni su-kanalizasiya sisteminin yenilənməsinin, Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirinin, yeni inşa edilən Gənclər Mərkəzinin hamıda hədsiz sevinc hissləri yaratdığını bildiriblər, Lənkəran sakinlərinin bütün bu və digər quruculuq işlərinin təşəbbüskarı, yeni Azərbaycanın memarı olan Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşəcəklərini və qarşıdan gələn 9 oktyabr prezident seçkilərində yekdilliklə ona səs verəcəklərini söyləyiblər.

Görüşü yekunlaşdıran İcra başçısı Taleh Qaraşov bildirib ki, lənkəranlılar daim milli adət-ənənələrimizə bağlı, qədirbilən insanlar kimi tanınıblar. Buranın sakinləri nəinki rayonun, bütövlükdə respublikanın sosial-iqtisadi, siyasi həyatında fəal iştirak edərək ölkəmizin inkişafına öz əməli işləri ilə töhfə veriblər. Nəzərə alsaq ki, bu gün dövlətimizin inkişafında cənab Prezident İlham Əliyevin əvəzsiz xidmətləri var, hər bir azərbaycanlı kimi lənkəranlılar da bu həqiqətə real qiymət verməli, dövlət başçımızın Azərbaycanımızın inkişafı üçün həyata keçirdiyi işlərdə ona dəstək olmalı, ölkəmizin daha da inkişaf etməsi üçün əzmlə çalışmalıdırlar.

İcra başçısı sonda görüş zamanı irəli sürülən təkliflərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlarını verib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə