9 oktyabrda keçiriləcək prezident seçkilərinə az müddət qalıb. Azərbaycan xalqı bu əhəmiyyətli hadisədə bir daha aktiv, fəal iştirak edərək, növbəti qələbə və zəfərlərə səs verəcək. Çünki qədirbilən xalqımız həm də öz müdrikliyi ilə seçilib. Belə müdrik seçim isə, 20 il bundan öncə gerçəkləşdirilib. Həmin dövrlərdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı daxili və xarici düşmənlərdən xilas etməsi, iqtisadiyyatımızı dirçəltməsi bu gün də hər bir soydaşımız tərəfindən ehtiramla xatırlanmaqdadır. Bəli, məhz dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasət nəticəsində bu gün hər bir vətəndaş güclü, qüdrətli Azərbaycanda yaşamasına görə fəxr edir, bundan tükənməz qürur duyur. Çünki Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ən mütərəqqi müasir islahatların tətbiqi və həyata keçirilməsi meydanına çevrilib. Bu gün bu mütərəqqi siyasəti Onun layiqli davamçısı Cənab İlham Əliyev qətiyyətlə, yorulmadan davam etdirməkdədir. İlham Əliyevin Yeni Azərbaycan Partiyası tərəfindən V qurultayda prezidentliyə namizədliyinin irəli sürülməsi isə, mən deyərdim, xalqımızın qərarı kimi qızıl hərflərlə tariximizin növbəti səhifəsinə həkk olundu. Çünki YAP hakim partiya olması ilə yanaşı, həm də xalqın partiyasıdır və bu siyasi təşkilatın qərarı hər bir vətəndaşımızın qərarı kimi dəyərləndirilir.
Fürsətdən istifadə edərək, bir səhiyyə işçisi və təhsil sahəsinin nümayəndəsi kimi bu gün ölkəmizdə aparılan çoxşaxəli inkişaf barədə, xüsusilə də, qeyd etdiyim sahələrdəki tərəqqi barədə fikirlərimi bildirmək istərdim. Hələ XX əsrin 70-ci illərinin əvəllərindən etibarən Ulu Öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş Sovetlər İttifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşələr və ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Bu, gələcəyin kadr hazırlığının təmininə istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi. Dahi Öndər Heydər Əliyev gənclərin təhsilinə, işlə təminatına, hərtərəfli inkişafına, onların dünyagörüşünün, beynəlxalq əlaqələrinin artmasına, dünya gənclərinin intellekt yüksəkliyinə inteqrasiya olunmalarına, yeniliklərdən bəhrələnmələrinə, fiziki və əqli cəhətdən sağlam böyümələrinə xüsusi diqqət yetirirdi. Ulu Öndər "Gənclər bizim gələcəyimizdir" - deməklə Azərbaycanın gələcəyinin ağıllı, savadlı, bacarıqlı gənclərin əlində olmasını arzulayırdı. Çünki hər bir ölkədə cəmiyyətin səviyyəsini müəyyənləşdirən gənclərdir. Bu gün ölkədə yaranan bir çox gənclər təşkilatı öz miqyasını genişləndirmişdir.
Ulu Öndərin xalqımız tərəfindən bəyənilən və dəstəklənən iqtisadi-siyasi kursu hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir. Bu gün yazlərlə gənc nəslin nümayəndəsi səhiyyə və təhsil sistemində yeni-yeni uğurlara imza atmaqda davam edirlər. Heydər Əliyevin siyasətini məqsədyönlü şəkildə davam etdirən Cənab İlham Əliyev bu gün ölkənin bütün regionlarında hər iki sahə istiqamətində mükəmməl işlər aparmaqdadır. Müasir səhiyyə və təhsil müəssisələrinin tikilərək əhalinin ixtiyarına verilməsi, ölkəyə ən müasir standartlara uyğun tibbi avadanlıqların gətirilməsi, səyyar ambulatoriyaların regionlarda fəaliyyəti, bütün bunlar xalqın daha da yaxşı yaşamasına doğru atılmış addımlardır.
Təbiidir ki, digər sferalarda olduğu kimi, elmin beynəlxalq mühitə inteqrasiya sahəsində də uğurlar əldə edilməkdədir. Bu gün Azərbaycan elmi inkişaf etməkdə, qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Bu prosesin əsasında Prezident İlham Əliyevin elmə böyük qayğısı dayanır. Bu gün Azərbaycan elmində ciddi islahatlar həyata keçirilir. Həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, ölkənin intellektual resurslarının innovativ əsaslarla səfərbər edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, elm və təhsilin inteqrasiyası, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi elmin özünün prioritet fəaliyyət sahəsinə çevrilməsi və s. kimi məqamlar xüsusi aktuallıq kəsb edir. Bu prosesdə elm və texnologiyaların qloballaşması prosesi xüsusi olaraq nəzərə alınır. Bunun əlamətlərindən biri müxtəlif ölkə alimləri arasında elmi informasiya mübadiləsinin genişləndirilməsidir.
Bu gün dahi şəxsiyyət Heydər Əliyevin qoyduğu təməllərin bəhrəsi, yeni inkişaf mərhələsi ilə bərabər Azərbaycan Tibb Universitetinin timsalında özünü daha qabarıq şəkildə göstərir. Əgər Azərbaycanda səhiyyə sahəsində, tibb elmi sahəsində bu cür fundamental məktəblər yaranıbsa, demək, Heydər Əliyev ideyalarının çiçəklənməsi, bu ideyaların davamı barəsində danışmağa, fikir bildirməyə haqqımız var. Hazırda Azərbaycanın milli tibb kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş xarici dövlətlərinin məşhur tibb müəssisələrində uğurla fəaliyyət göstərirlər. Bu amil, həmçinin, Dünya Azərbaycanlılarının mənəvi dayağının artmasına, diasporumuzun möhkəmlənməsinə zəmin yaradır. Dahi Heydər Əliyevin qurduğu bünövrəyə söykənərək ATU öz müzəffər yürüşünü hazırda da müvəffəqiyyətlə davam etdirir. Çünki Azərbaycana rəhbərlik edən Cənab İlham Əliyev Ulu Öndərin yolunun uğurlu davamına yeni çalarlar gətirərək, onu gündən-günə genişləndirir, zənginləşdirir, bütün zamanların dayağına, istinad nöqtəsinə çevirir.
Mən daha bir maraqlı tarixçəni hörmətli oxucularla bölüşmək istərdim. 2007-ci ilin sentyabr ayının 11-də ATU-nun Terapevtik Klinikasının yaradılması və tikintisinə başlanılması haqqında Sərəncam imzalandı. Bu tikintiyə sərf olunacaq vəsaitin ilin əvvəlində büdcədə nəzərdə tutulmamasına baxmayaraq, Cənab İlham Əliyev prezidentin ehtiyat fondundan tikinti üçün vəsait ayrılmasını da həmin Sərəncama daxil etdi və 2007-ci il sentyabr ayının 18-də tikintinin təməlqoyma mərasimi keçirildi. Təməlqoyma mərasimində Prezident İlham Əliyevlə birlikdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da iştirak edirdi. Mərasimdən sonra Cənab İlham Əliyev və Mehriban xanım Əliyeva yaxınlıqdakı 11 mərtəbəli tədris binasının dəhlizinə yaxınlaşdılar. Bu, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən və 10 il əvvəl Onun iştirakı ilə istifadəyə verilən tədris binası idi. Cənab İlham Əliyev 2008-ci il aprel ayının 13-də daha bir Sərəncam imzalamışdır. Bu Sərəncamla ATU-nun Cərrahlıq Klinikasının yaradılması və tikintisinə başlanılmasına yaşıl işıq yandırılmışdır. Hal-hazırda ATU-nun Cərrahlıq Klinikasında bütün tikinti-təchizat işləri başa çatdırılıb və son tamamlama işləri gedir. Bu ilin sentyabrında artıq müasir Cərrahlıq Klinikası da öz qapılarını tələbələrin üzünə açmışdır.
Məhz bu kimi əhəmiyyətli məqamları xatırlatmaqla bir daha vurğulamaq istərdim ki, Ümummilli Liderin başladığı işlər bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Bu gün Səhiyyə Nazirliyi ölkə başçısının sosial yönümlü siyasətini əzmlə və müvəffəqiyyətlə həyata keçirir. Səhiyyədə yeni islahatlar, qanunverici bazanın təkmilləşdirilməsi, təbabətin sosial əhəmiyyətli sahələrində milli fəaliyyət proqramlarının qəbul edilməsi, ölkənin elmi-tibbi potensialının gücləndirilməsi bu gün Azərbaycan səhiyyəsinin əsas inkişaf istiqamətlərindəndir. Hal-hazırda yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, yeni avadanlıqlarla təchizatı bugünkü səhiyyəmizin, təhsilimizin yüksəlişinin təzahürləridir.
Onu da bildirmək istərdim ki, bu gün Azərbaycan nəinki regionda, eləcə də beynəlxalq aləmdə öz layiqli yerini tutmaqda davam edir. Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının qeyri-daimi üzvü kimi yenidən sədrliyi öz üzərinə götürüb. Artıq bu quruma ikinci dönəmdə sədrlik edən dövlətimiz söz sahibidir və dünyanın qlobal problemlərinin həllində öz yekin sözünü, fikrini bildirir. Məgər bu amilin özü də yüksəliş, tərəqqi, inkişaf, qüdrət və fərəh deyilmi? Məgər bütün bu və bu kimi digər beynəlxalq uğurların arxasında İlham Əliyev xarizması, İlham Əliyev praqmatik siyasəti dayanmayıbmı? Əlbəttə ki, bu, belədir. Bunu mən, sən, o, ya da ayrı-ayrılıqda şəxslər demir, bunu bütün xalqımız deyir. Eyni zamanda, Azərbaycan regional sabitlik və inkişaf amilinə çevrilib. İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərməkdədir.
Ötən ilin dekabrında Cənab İlham Əliyevin Fərmanı ilə təsdiq olunan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkəmizin növbəti illərdə mövcud imkan və resursları nəzərə almaqla davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi prinsiplərinin reallaşdırılması ilə səciyyələnir. Bu konsepsiyada Azərbaycanın gələcək inkişafı əsasən ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatı"na keçid prinsipinin reallaşdırlması istiqamətində müəyyənləşdirilmişdir. Bu prinsiplərin həyata keçirilməsi isə ilk növbədə elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm-təhsil və elm-istehsalat arasında əlaqələrin artırılmasını, innovasiya fəallığının yüksəldilməsini tələb edir. Cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm cəhətlərindən biri də vətəndaşın sosial fəallığı ilə siyasi-ideoloji yetkinliyin bir-birini tamamlamasını təmin etməklə bağlıdır. Bu, intellektlə mənəvi-əxlaqi dəyərlərin harmoniyası sayəsində reallaşdırılır. Bu kursun nəticəsində Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi baxımdan inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir.
Azərbaycanda sosial-iqtisadi və siyasi sistemin təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi ilə yeni bəşəri idarəetmə üsulunun tətbiqi Cənab İlham Əliyevin beynəlxalq aləmdə şəxsi nüfuzunun ildən-ilə artmasına gətirib çıxarıb. Respublikada aparılan rəy sorğuları da dövlət başçısına olan rəğbətin, inamın və etimadın yüksək səviyyəsindən xəbər verir. Beləliklə, şübhə etmirəm ki, Prezident İlham Əliyev builki prezident seçkilərində də yüksək səs faizi ilə qalib gələcək! Çünki bu gün xalqımız məhz İlham Əliyev siyasətini dəstəkləyir və bu siyasətə dəstəyini verməklə öz övladlarının xoşbəxt gələcəyinə səs verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB