Qənirə Paşayeva Avropa Türk Birliyinin rəhbəri ilə görüşüb

Qənirə Paşayeva Avropa Türk Birliyinin rəhbəri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Avropa Türk Birliyinin (ATB) rəhbəri Erol Yazıçıoğlu ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə millət vəkili Qənirə Paşayeva Almaniyada fəaliyyət göstərən Azərbaycan və Türkiyədən olan həmyerlilərimizin yaratdıqları diaspor təşkilatları arasında əməkdaşlığın vacibliyini qeyd edib.

Qənirə Paşayeva harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının, diaspor təşkilatlarımızın Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün birlikdə çalışmalarını sürətləndirmələrinin vacibliyini vurğulayıb. Millət vəkili Almaniyada fəaliyyət göstərən, Azərbaycan və Türkiyədən olan həmyerlilərimizin qurduğu diaspor təşkilatlarının koordinasiya olunmuş şəkildə bir-birlərinə sıx dəstək vermələrinin, Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının vacibliyini diqqətə çatdırıb.

Millət vəkili, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə də ətraflı məlumatlar verib və geniş müzakirələr aparılıb. Avropa Türk Birliyinin (ATB) rəhbəri Erol Yazıçıoğlu Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə əməkdaşlıq etdiklərini bildirib. O, Azərbaycan həqiqətlərinin yayılması, Azərbaycan mədəniyyətinin Almaniyada daha geniş çatdırılması və təbliği istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildirib. Bu istiqamətdə görülən işlər və həyata keçirməyi planlaşdırdıqları layihələr barədə millət vəkilinə məlumatlar verib, təkliflərini səsləndirib.

Qeyd edək ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Avropa Türk Birliyinin (ATB) rəhbəri Erol Yazıçıoğluna Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə