Cəlilabad Diaqnostika Mərkəzindən İlham Əliyevə dəstək FOTO

Mərkəzdə YAP ilk partiya təşkilatının tədbiri keçirilib
Cəlilabad Diaqnostika Mərkəzindən İlham Əliyevə dəstək FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) ölkə prezidentliyinə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlər davam edir. SİA-nın məlumatına görə, belə görüşlərdən biri də 172 nəfərlik kollektivi olan Cəlilabad Müalicə Diaqnostika Mərkəzində keçirilib.

Tədbirdə çıxış edən Diaqnostika Mərkəzinin ərazi ilk partiya təşkilatının sədri Eldar Hacıyev ötən 10 il ərzində ölkəmizin əldə etdiyi uğurlardan danışıb. İlk partiya təşkilatının sədri qeyd edib ki, dövlət başçısı cənab İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafına dair "Dövlət Proqramı" çərçivəsində ölkədə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb: "Ötən 10 il ərzində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadiyyatı dünyada analoqu olmayan templə inkişaf edir. Bu gün ölkədə yeni sosial obyektlərin, müəssisələrin açılması, insanların rifah halının yüksəlməsi məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir".

Ölkənin sürətli inkişafının səhiyyə sahəsinə də sirayət etdiyini deyən Eldar Hacıyev bildirib ki, hazırda fəaliyyətdə olan və əhaliyə yüksək səviyyəli tibbi xidmətin göstərildiyi bu müasir tibb ocağı ölkə prezidenti Cənab İlham Əliyevin təşəbbüsü, diqqət və qayğısı sayəsində tikilib istifadəyə verilib: "Kollektivimiz 3 ildən çoxdur ki, rayonumuzun və bölgəmizin əhalisinə ən müasir avadanlıqlarla tibbi xidmət göstərir. Mərkəzində yüksək ixtisaslı həkimlər və orta tibb işçiləri çalışırlar. Onlar bir sıra xəstəliklərin müalicəsi və diaqnostikası ilə yanaşı, ürək-damar xəstəliklərinin və böyrəklərin cərrahi əməliyyatlarını da aparırlar. Təkcə 2011-2012-ci illər ərzində 11 ürək, 3 böyrək köçürmə və digər ağır cərrahi əməliyyatlar aparılıb. Tibbi xidmətin günü-gündən yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Belə bir mərkəzin yaradılması ölkə başçısının insanlara, vətəndaşlara göstərdiyi diqqət və qayğının ən bariz nümunələrindən biridir. Bu işlərin bundan sonra da davam etdirilməsi üçün sizləri 9 oktyabrda növbəti beş ilimizin qarantı olan Cənab İlham Əliyevə səs verməyə çağırıram".

Qeyd edək ki, daha sonra tədbirdə çıxış edən Vüqar Hüseynov, Natiq Səlifov, Ədalət Nəhmətov, Nəzakət Nəzərli, Qeyrət Xəlilov və başqaları seçkilər günü öz ailə üzvləri ilə birlikdə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə