Mənzil problemi həll olundu

"Sevindirici haldır ki, artıq Qax rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailə üzvlərinin mənzil problemi öz uğurlu həllini tapıb. Dövlətin bu sahəyə diqqət və qayğısı, yeni çoxmənzilli binaların istifadəyə verilməsi nəticəsində rayonlarda növbələr tədricən yekunlaşır. Yaxın vaxtlarda belə növbələr tamamilə aradan qalxacaq". Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Elnur Kələntərov Qax şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 36 mənzilli yaşayış evinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasim zamanı jurnalistlərə müsahibəsində deyib.

Nazirliyin rəsmisi bildirib ki, ümumilikdə, indiyədək respublikada beş min nəfərə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsinin üzvləri mənzillə təmin olunub. Eyni zamanda, bu qəbildən olan təxminən üç min nəfərin də yaxın illərdə mənzillə təmin olunması istiqamətində iş aparılır. İlin sonunadək rayonlarda hər biri 54 mənzilli beş bina və 36 mənzilli iki bina istifadəyə veriləcək. Gələn il 4, 6 və 12 mərtəbəli yeni binalar tikiləcək.

Aparat rəhbərinin açıqlamasına görə, indiyədək Qarabağ müharibəsi, həmçinin Böyük Vətən müharibəsi əlillərinə 3 mindən çox minik avtomobili verilib. Bu il üçün paylanılması nəzərdə tutulan 280 avtomobilin əksəriyyəti artıq əlillərə çatdırılıb. İlin sonunadək daha 50 əlil avtomobil alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə