Müsahibimiz Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyevdir
- Asəf müəllim, prezident seçkilərinə sayılı günlər qalır. Bu günə qədər olan seçki prosesini xüsusilə də, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını necə dəyərləndirirsiniz?
- Bildiyiniz kimi, sentyabrın 16-dan prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat təşviqat kampaniyası çərçivəsində təbliğat qrupunun üzvləri rayonlarda və şəhər təşkilatlarında müəyyən olunmuş qrafik üzrə seçicilərlə görüşlər keçirərək, partiyamızın namizədinin seçki proqramı, görülmüş işləri haqqında vətəndaşlara məlumat verirlər. Prezidentimizin apardığı dərin, düşünülmüş, uzaqgörən daxili və xarici siyasət, Onun xalqa olan səmimi məhəbbəti və doğma Vətənimiz naminə səmərəli fəaliyyəti hər birimizdə qürur hissi oyadır. Xalqımızın firavan gələcəyinin təminatına hesablanmış praqmatik siyasi strategiya sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, ölkəmizin nüfuzu daha da artıb. Cənab İlham Əliyevin həm Azərbaycanda, həm də beynəlxalq arenada fəaliyyəti, qazandığı nüfuz və hörmət dünya birliyi, rəsmi dairələr, nüfuzlu sorğu mərkəzləri, media və araşdırma institutları tərəfindən yüksək qiymətləndirilir. Ölkə başçısının on il prezidentliyi dövründə ölkənin elə bir sahəsi yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. Bir sözlə, bütün görülən işlər birmənalı olaraq Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına, eyni zamanda ölkənin inkişafına yönəlib. Xalqımız Ulu Öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamçısını dəstəkləyir, Ona inanır, Onu özlərinin rəhbəri görmək istəyir.
-Qeyd etdiniz ki, bu prezident seçkilərinin də favoriti Cənab İlham Əliyevdir. Xalqın seçiminin bu dəfə də dəyişməməsi nə ilə bağlıdır?
- Milyonlarla Azərbaycan vətəndaşı Cənab İlham Əliyevi Heydər Əliyev siyasi kursunun davamçısı hesab edir və dəstəkləyir. Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasi kursunun uzunömürlü olmasının qarantıdır. Bunu Onun həyat yolu, yaşadığı və fəaliyyət göstərdiyi həyat tərzi müəyyən edir. Cənab İlham Əliyevin "mən daha çox əməli işlərə üstünlük verirəm" deyimi ölkə Prezidenti seçilməsindən əvvəl də Onun həyatının əsas amalı olub. Cənab İlham Əliyev 1994-cü ildən Azərbaycan iqtisadiyyatının lokomotivi olan neft sektorunun rəhbərlərindən olmaqla, bu sektorla bağlı 20-dən çox beynəlxalq müqavilənin hazırlanması üzrə danışıqlar apararaq, müqavilələrin bağlanması və reallaşması proseslərini həyata keçirib və eyni zamanda respublikamızın sosial-iqtisadi inkişafını təmin etmişdir. 1995-ci ildən Milli Məclisin üzvü seçilən Cənab İlham Əliyev həmçinin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi də fəaliyyət göstərmişdi. Cənab İlham Əliyevin beynəlxalq arenada uğurlu fəaliyyəti müstəqilliyimizin ilk illərində Azərbaycana beynəlxalq aləmdə müsbət imic formalaşdırmağa, onun nüfuzunu artırmağa xidmət etmişdir.
Cənab İlham Əliyevin Azərbaycanda idmanın inkişafına geniş¬spektrli baxışı vardır. Onun respublikamızda olimpiya hərəkatının geniş vüsət almasında, idmanın inkişafında misilsiz xidmətləri olmuşdur. İdmanın kütləviliyinin təmin edilməsi, idmançılarımızın beynəlxalq turnirlərdə iştirakı və qazandıqları qələbələr Onu gənclərin sevimlisinə çevirmişdir. Bir sözlə, Cənab İlham Əliyev 2003-cü il prezident seçkilərindən hələ çox əvvəl respublikamızda və beynəlxalq aləmdə kifayət qədər nüfuza malik dünya miqyaslı siyasətçi kimi tanınır və qəbul olunurdu. On illik prezidentlik fəaliyyəti dövründə Azərbaycan xalqının Liderinə çevrilən Cənab Prezidenti xalq sevir və Onun ölkənin bütün istiqamətlərində gördüyü işləri müsbət dəyərləndirir. 9 oktyabr Prezident seçkiləri günü hamımız bir nəfər kimi seçki məntəqələrinə gedərək, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verməyi özümüzə vətəndaş borc bilirik.
-"Milli Şura" deyilən qurum seçki prosesində daha çox xarici qüvvələrin seçki taktikasına uyğun təbliğat aparır. Sizcə nəyə görə, Cəmil Həsənli kimilər müstəqil fəaliyyət yolu tuta bilmirlər?
-"Milli Şura" nümayəndələri çətin də olsa reallığı qəbul etməlidirlər. Onlara istər xarici, istərsə də daxili qüvvələr nə qədər kömək etsə də xeyri olmayacaq. Onlar müxtəlif vasitələrə əl atmaqla nələrəsə nail olmaq istəyirlər. İnsan boğulanda hər çöpdən yapışmaq istəyir. "Milli Şura"dakılar başa düşürlər ki, heç bir halda Yeni Azərbaycan Partiyasının namizədi ilə müqayisə olunmurlar və mübarizə apara bilməzlər. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində Cəmil Həsənlinin bir çox səhvləri bunu bir daha sübut etdi. O, seçki platformasını xalqa təqdim etmək əvəzinə, təhqiramiz fikirlər, yalanlar söyləməklə məşğul oldu. Bu baxımdan da onlar dəstəyi xalqadan deyil, bəzi xarici qüvvələrdən almalı oldular.
-Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton və Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle narazılıq doğuran fikirlər bildiriblər. Buna sizin münasibətiniz
- Bu insanların Azərbaycanda seçkiqabağı vəziyyətə, insan hüquq və azadlıqlarının durumuna və ümumilikdə siyasi şəraitə münasibət bildirmələri qərəzdən başqa bir şey deyil. Çünki Azərbaycanda seçki kampaniyası mövcud qanunvericilik və beynəlxalq təcrübəyə uyğun həyata keçirilir. Seçki prosesinin bütün mərhələlərində prezidentliyə namizədlərin öz fəaliyyətini ölkə qanunvericiliyi çərçivəsində həyata keçirməsi üçün zəruri şərait yaradılıb. Namizədlər istər Bakıda, istərsə də regionlarda öz seçiciləri ilə görüşür, eyni zamanda təbliğat-təşviqat imkanlarından bərabər şəkildə yararlanırlar.
Başqa bir tərəfdən isə biz demirik ki, ölkəmizdə hər şey müsbət yöndədi. Bu gün inkişafla yanaşı çatışmamazlıqlar da mövcuddur və biz bunu görürük. Bizim ən böyük problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində işləri davam etdiririk. Güclü, əzəmətli ordumuzun köməyi ilə bu gün müharibə yolu ilə Qarabağı ala bilərik. Amma biz bunu sülh şəraitində həyata keçirməyin tərəfdarıyıq. Artıq btün dünya ölkələri bu msələdə Azərbaycanı dəstəkləyir və onun yürütdüyü düzgün siyasəti bəyənir.
Xanım Eştona belə bir təklif etmək istərdim ki, Azərbaycana gəlsin reallıqları, inkişafı, tərəqqini gözləri ilə görsün və qiymət versin. Kənarda oturub nə düşündüklərini ifadə etməsinlər.
- Sizcə Ketrin Eşton və Ştefan Fülenin "Milli Şura"dakılar kimi düşünmələrinin kökündə nə dayanır?
- Mənim fikrimcə belə insanlar hər bir məsələyə pissimist yanaşanlardır. Yeddi yüzdən artıq deputatı olan Avropa İttifaqı otuz deputatla qərar qəbul edirsə və hesabatlar yayırsa bu hansı siyasi arenaya xidmət edir özü sual doğurur. Belə görünür ki, Cəmil Həsənli ilə bunları birləşdirən ortaq maraqlar var və bu maraqlar ondan ibarətdir ki, onların hər üçü Azərbaycanın tərəqqisini, inkişafını görmək istəməyənlərdir.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB