Ədliyyə orqanlarına işə qəbul olunan gənclərlə görüş keçirilib

Ədliyyə orqanlarına işə qəbul olunan gənclərlə görüş keçirilib

Ədliyyə orqanlarının layiqli kadrlar hesabına komplektləşdirilməsi məqsədilə davamlı olaraq şəffaf prosedurlarla qulluğa qəbul üzrə müsabiqə və müsahibələr keçirilir, gənc ədliyyə işçilərinin potensialından səmərəli istifadə olunmasına, onların peşəkar dövlət qulluqçusu kimi formalaşmalarına xüsusi önəm verilir. SİA-ya verilən məlumata görə, növbəti seçim prosesində uğur qazanaraq ədliyyənin müxtəlif sahələrinə təyinat alan 100-dən artıq gənc hüquqşünas, xaricdə təhsil alıb, müdavim, həmçinin tibb işçiləri ilə Ədliyyə Nazirliyi rəhbərliyinin görüşü keçirilib. Tədbirdən öncə gənclər Fəxri Xiyabanda müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər, abidəsi önünə gül dəstəsi düzüblər, dahi öndərin əziz xatirəsini ehtiramla anıblar.

Görüşdə çıxış edən ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində dövlət tərəfindən gənclərə xüsusi diqqətin yetirilməsini, müasir gəncliyin aktual məsələlərinin həllinə yönəldilib "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul olunmasını, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında gənclərin potensialının gücləndirilməsinin əsas prioritetlərdən biri kimi müəyyən edilməsini qeyd edib.

Fikrət Məmmədov ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən işlərdən bəhs edib, qulluğa qəbul olunan hər bir şəxsdən məsuliyyət, insanlara qayğılı münasibət göstərilməsi kimi əsas meyarların tələb olunduğunu diqqətə çatdırıb, stajorlara vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyələrini verib.

Qeyd olunub ki, şəffaf prosedurlarla keçirilən müsabiqələr əsasında qulluğa qəbul edilən şəxslərin tam əksəriyyəti gənclərdir və bu gün ədliyyə orqanları işçilərinin yarısını məhz gənclər təşkil edir.

Mərasimdə çıxış edən gənc mütəxəssislər Azərbaycan gəncliyinə göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını ifadə ediblər.

Sonra qulluğa qəbul olunanlar təntənəli qaydada Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içiblər, onlara xidməti vəsiqələr təqdim edilib, nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə