Şahdağ Milli Parkının inzibati binasına baxış keçirilib

Şahdağ Milli Parkının inzibati binasına baxış keçirilib

Şahdağ Milli Parkının Şabran rayonunun Pirəmsən kəndi ərazisində inşa olunan inzibati bina kompleksinə baxış keçirilib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, bina kompleksi ilə tanışlıq mərasimində Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovda iştirak edib.

Şahdağ Milli Parkının müasir standartlara cavab verən inzibati bina kompleksinin tikintisi "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramına uyğun olaraq büdcə vəsaiti hesabına reallaşıb. Yeni inzibati bina kompleksi inzibati binadan, ekoturizm mərkəzindən və Milli Parkın yerləşdiyi 6 inzibati rayonun (Quba, Qusar, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ) ərazilərində tikilən nəzarət-buraxılış məntəqələrindən ibarətdir. Milli Park həmçinin, texniki avadanlıqlarla, çətin şəraitdə hərəkət edə bilən kvadrasikl və qarda yeriyən nəqliyyat vasitələri ilə də təchiz edilib.

Ekoturizm mərkəzində vəhşi təbiətin canlı müşahidə olunması, turistlərin məlumat alması və ekoloji maarifləndirilməsi, bələdçi xidmətindən istifadə olunması, turizm avadanlıqlarının icarəyə verilməsi üçün şərait yaradılıb və təbiət muzeyi turistlərin istifadəsinə verilib.

Şahdağ Milli Parkı ərazi üçün xarakterik olan fauna, flora növlərinin qorunması, artırılması, zənginləşdirilməsi, çoxlu sayda endemik, nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla, qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin eyni zamanda torpağın münbit qatının qorunub saxlanılması məqsədilə yaradılıb.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə