Yap Xızı rayon təşkilatı qadın seçicilərlə görüşdü FOTO

Yap Xızı rayon təşkilatı qadın seçicilərlə görüşdü FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın xəbərinə görə, kampaniya çərçivəsində növbəti görüş xızılı qadın seçiciləri ilə keçirilib.

Görüşdə YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev, YAP Xızı rayon Qadınlar Şurasının sədri Svetlana Rüstəmova, YAP Xızı rayon Qadınlar Şurasının sədr müavini Xatirə Həşimzadə və "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev bildirib ki, ötən 10 il ərzində cənab İlham Əliyev yüksək siyasi və dövlət idarəçilik bacarığı sayəsində ölkə rəhbərliyinə alternativsiz lider olduğunu bir daha təsdiq edib: "Açılan yeni iş yerləri, aparılan abadlıq və quruculuq işləri Azərbaycanı inkişaf etmiş ölkələrin sırasına çıxarmaqdadır. Bu gün hər bir ölkə vətəndaşı yeni və müstəqil Azərbaycanın tarixində növbəti mühüm tarixi hadisənin canlı şahididir. 9 oktyabr prezident seçkilərində hər bir vicdanlı və gələcəyini düşünən Azərbaycan vətəndaşı ölkəmizin gələcəyinə, gələcək inkişafına, Ulu öndər Heydər Əliyev siyasi kursunun davamına səs verəcək".

Tədbirdə çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən dövr ərzindəki fəaliyyəti, onun dövlət idarəçilik prinsipləri, siyasi kursa sadiqliyi qətiyyətlə belə deməyə əsas verir ki, ölkəmizin və dövlətimizin taleyi etibarlı əllərdədir. Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında həm daxili, həm də xarici siyasətdə çoxşaxəli inkişafa və uğurlara nail olunub: "Bu gün bunu xüsusilə qeyd edim ki, Partiyamızın sıralarında təmsil olunan şəxslərin təxminən 40 faizi qadınlardan ibarətdir. Bu onların siyasi fəallığının göstəricisi olmaqla yanaşı, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyaya olan böyük inam və etimadın nümunəsidir. Çünki qadınlarımız YAP-ın ümumxalq partiyası olaraq, daim xalqın maraqlarını ifadə etdiyini aydın şəkildə dərk edirlər. Təsadüfi deyil ki, cəmiyyətimizin nüfuzlu, tanınmış ziyalı qadınları YAP-ın sıralarında cəmləşiblər. Bütövlükdə isə hesab edirəm ki, qadınlarımızın ictimai proseslərdə fəallığı daha da artır. Öz fəaliyyəti dövründə partiyamızın qurucusu, Ulu öndər Heydər Əliyev Azərbaycan qadınına böyük hörmət göstərməklə yanaşı, onun cəmiyyətdə layiqli yer tutmasına çalışıb, bu zərif zümrənin YAP-ın həyatında da fəal iştirakını təmin edib. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli lider Heydər Əliyev onların milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirib. Azərbaycan qadını isə özünü heç vaxt vətən, yurd uğrunda aparılan mübarizələrdən kənarda hiss etməyib. Bu gün də sədaqətli Azərbaycan qadını prezident seçkilərində öz vətəndaşlıq borcunu yerinə yetirmək üçün, gözəl bir Azərbaycan yaratmış İlham Əliyevə səs verəcək. Yəni, qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevə səs verməyi qadınlar özlərinin vətəndaşlıq borcu hesab edirlər".

Tədbirdə çıxış edən digər iştirakçılar da ötən dövrlər ərzində, ölkədə baş verən quruculuq, abadlıq işlərindən danışıblar və bütün seçiciləri 9 oktyabrda Cənab Prezident İlham Əliyevə səs verməyə çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə