Lənkəranın İcra başçısı Taleh Qaraşov növbəti görüşlərini keçirib FOTOLAR
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Liman şəhərində keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, qəbulda İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının və bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Görüşü giriş sözü ilə Liman şəhər inzibati ərazi dairəsinin nümayəndəsi Mehman Məmmədov açaraq ərazinin sosial-iqtisadi vəziyyəti haqqında məlumat verib. M.Məmmədov qeyd edib ki, Liman şəhəri, Şirinsu qəsəbəsi və Qumbaşı kəndlərini birləşdirən nümayədəlikdə ümumilikdə 13297 nəfər əhali yaşayır.
Görüş ayrı-ayrı iştirakçıların çıxışları ilə davam edib. Liman şəhər Ağsaqqallar şurasının sədri Siyavuş Süleymanov, şair İltifat Saleh, təqaüdçü Şişəxan Muradov, müəllim Əfayət Əsədova, Liman şəhər bələdiyyəsinin sədri Zabil Dadaşov, Liman şəhər xəstəxanasının baş həkimi Naib Zeynalov və başqaları respublikamızda, o cümlədən rayonumuzda aparılan geniş tikinti-quruculuq işlərindən, həyata keçirilən sosial proqramlar nəticəsində əldə olunan dinamik inkişafdan danışıblar. Çıxışlarda qeyd olunub ki, Lənkəranın simasının hər ötən gün daha da gözəlləşməsi, əhalinin rifah halının daha da yaxşılaşması ölkə rəhbərliyinin regionlara, xüsusilə də Cənub bölgəsinə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. İstifadəyə verilən yeni sosial obyektlər, inşa edilən yeni məktəb və səhiyyə müəssisələri hamıda böyük sevinc hissləri yaradır. Bunlarla yanaşı Liman şəhər xəstəxanası üçün yeni binanın tikilməsi və digər sosial problemlərin həllindən ötrü lazımı tədbirlərin görulməsini xahiş ediblər. Sonda çıxış edənlər qarşıdan gələn 9 oktyabr prezident seçkilərində hamılıqla cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.
Daha sonra çıxış edən ŞİH-nin başçısı Taleh Qaraşov iştirakçıların diqqətini 90-cı illərin əvvəllərinə çəkərək o vaxt ölkədə yaranmış böhranlı vəziyyətdən söhbət açıb. Belə bir vaxtda dövlətimizin idarəçilik sükanı arxasına keçən xalqın böyük oğlu Heydər Əliyevin respublikamızda əmin-amanlığın təmin olunmasında, ölkəmizə qarşı düşmənçilik bəsləyənlərin məkrli niyyətlərinin qarşısının alınmasında göstərdiyi müstəsna xidmətlərdən danışıb. İcra başçısı bildirib ki, bu gün Azərbaycanın idarəçiliyi əmin əllərdədir. Çünki ölkəmizə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Qətiyyətlə demək olar ki, cənab Prezidentin Dahi Öndərin siyasi ideyasına sədaqəti, həyata keçirdiyi uzaqgörən, uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik daha da möhkəmlənəcək, vətəndaşların rifah halı daha da yaxşılaşacaqdır.
Görüşü yekunlaşdıran İcra başçısı bu gün əldə olunan uğurların qorunması üçün hamını cənab Prezidentin ətrafında sıx birləşməyə və Azərbaycanımızı fədakarcasına müdafiə etməyə çağırıb.
İcra başçısı sonda bugünkü səyyar qəbul-görüş zamanı qaldırılan təkliflərin daim diqqətdə saxlanılacağını və lazımı tədbirlərin görüləcəyini bildirib.
Həmin gün Taleh Qaraşov şəhərin Şəhidlər Xiyabanı ətrafındakı Şəhidlər Xiyabanı, Səadət Ələmov, Tereşkova, Şıxəli Qurbanov, Bağbanlar və Mehdi Hüseynzadə küçələrinin sakinləri ilə görüşərək problemlərlə maraqlanıb.
Tədbiri giriş sözü ilə Lənkəran ŞİH başçısının 1 nömrəli sahə üzrə inzibati ərazi dairəsinin nümayəndəsi Vidadi Dadaşov açaraq ərazi və sakinlər haqqında məlumat verib.
Sonra iştirakçılardan bir neçəsi çıxış edərək son vaxtlar ərazidə aparılan abdlıq işlərindən, əldə olunan uğurlardan danışıblar, mövcud olan bəzi problemləri İcra başçısının diqqətinə çatdırıblar. Çıxış edənlər həmçinin son vaxtlar ölkəmizdə aparılan sosial-iqtisadi islahatlardan söz açaraq bütün bunlara görə dövlət başçımıza minnətdar olduqlarını, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklərini əminliklə söyləyiblər.
Görüşdə çıxış edən İcra başçısı Taleh Qaraşov Ümummilli Lider Heydər Əliyev ideyalarının xalqımıza əmin-amanlıq və rifah bəxş etdiyini, hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin xalqımızın və dövlətimizin daha böyük uğurlar qazanması üçün inam və cəsartlə çalışdığını bildirib. İcra başçısı bu uğurların davamı üçün hamını cənab Prezidentin ətrafında sıx birləşməyə çağırıb.
Taleh Qaraşov sonda sakinlər tərəfindən səsləndirilən təkliflərin qısa müddət ərzində həyata keçiriləcəyini bildirib.
Sərraf Mirsəfəroğlu





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB