"Tarixdən günümüzə Türkiyədə yaşayan Azərbaycan türkləri"

"Tarixdən günümüzə Türkiyədə yaşayan Azərbaycan türkləri"

SAM-ın dəstəyi ilə Türkiyədə "Tarixdən Günümüzə Türkiyədə Yaşayan Azərbaycan Türkləri" adlı kitab nəşr olunub. SAM-dan SİA-ya verilən məlumata görə, iki hissədən ibarət olan kitabın müəllifləri Giresun Universitetinin rektoru Aygün Attar və Balıkəsir Universitetinin müəllimi Sebahettin Şimşirdir.

Azərbaycan Türklərinin Anadolu coğrafiyasına köç etdiyi ilk dövrlərdən 1920-ci ilə qədər olan dövr Aygün Attar tərəfindən təsvir edilib. Bu dövrdə Azərbaycanlıların Anadoluya köçü və Anadolunun türkləşdirilməsində Azərbaycan coğrafiyasının bir körpü olaraq oynadığı roldan bəhs olunub. Cənubi Qafqazın Rusiya İmperatorluğu tərəfindən işğalı və burada Ermənistanın qurulmasının nəticəsində azərbaycanlıların Anadoluya köçü bu fəsildə öz əksini tapıb.

Bu dövrdə azərbaycanlıların Anadoluya köçünün üç səbəbi kitabda təsvir edilir: 1. Siyasi; 2.Ticari; 3. İntellektual köç. Ayrıca bu fəsildə Azərbaycanlıların Anadoluya köçünün qarşısındakı inanc, coğrafi və iqtisadi əngəllərdən də bəhs olunub. Bu fəsil bolşeviklərin Azərbaycan Xalq Cümhuriyyətini işğal etməsi nəticəsində Azərbaycanın siyasi və intellektual liderlərinin Türkiyəyə köçü və orada siyasi düşüncənin formalaşmasına təsirlərindən danışır, Əli Bəy Hüseynzadə, Əhməd Ağaoğlu və Əhməd Cəfəroğlu kimi şəxslərin Türkiyə siyasi həyatına təsirindən bəhs edir. Bu üç şəxsin digər Azərbaycanlı intellektuallar ilə birlikdə Türkiyədə çıxardığı Yeni Qafqaz, Azəri-Türk və Odlu Yurd kimi nəşrlər haqqında ətraflı məlumat verilib.

Kitabın ikinci fəsli Balıkəsir Universiteti müəllimi Sebahettin Şimşir tərəfindən yazılıb. Şimşir ikinci fəsildə daha çox bolşeviklərin AXC-ni işğal etməsi nəticəsində Türkiyəyə köç edən intelektualların ayrı-ayrılıqda həyat və yaradıcılığından bəhs edib. Naki Keykurun, Hüseynzadə Əlibəy, Məmməd Əmin Rəsulzadə, Almas İldırım, Mirzə Bala Məmmədzadə, Məmməd Kəngərli kimi 50-yə yaxın azərbaycanlının həyat və yaradıcılığı haqqında məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə