İlham Əliyev "Kimyaçı" Mədəniyyət Sarayının qarşısındakı meydanda aparılan yenidənqurma işləri ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Sumqayıta səfəri çərçivəsində Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyinin tabeliyində olan Üzeyir Hacıbəyli adına "Kimyaçı" Mədəniyyət Sarayının qarşısındakı meydanda aparılan yenidənqurma işləri ilə tanış olub.
Ölkəmizdə aparılan abadlıq-quruculuq işləri əhalinin istirahətinin təşkilinə də töhfəsini verməkdədir. Həm insanların istirahətinin təşkilində, həm də şəhər və rayonlarımızın simasının daha da gözəlləşməsində yeni parkların salınması mühüm rol oynayır.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Azərbaycan Prezidentinə məlumat verdi ki, "Kimyaçı" mədəniyyət sarayı 1986-cı ildə istifadəyə verilib. Həmin vaxtdan etibarən sarayın qarşısındakı meydanda respublika və şəhər əhəmiyyətli müxtəlif tədbirlər keçirilib. Bu ərazi Sumqayıt şəhərinin mərkəzində yerləşən ən geniş meydandır. Ümumi ərazisi 5 hektar olan meydanda geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılıb. Meydanda kommunikasiya xətləri və işıqlandırma sistemi tamamilə yenidən qurulub. Müasir fəvvarə meydana xüsusi yaraşıq verməklə yanaşı, həm də istirahət edənlərin könlünü oxşayır. Burada həm mərkəzə gələn qonaqlar, həm də Sumqayıt sakinlərinin istirahətinin mənalı təşkili üçün hər cür şərait yaradılıb.
Sonra Prezident İlham Əliyev "Kimyaçı" Mədəniyyət Sarayının stendi ilə tanış oldu. Qeyd edildi ki, saray bundan sonra Sumqayıt Mədəniyyət Mərkəzi adlanacaq. Üçmərtəbəli inzibati binanın birinci mərtəbəsində 800 yerlik böyük kino-konsert salonu, ikinci mərtəbədə müşavirə və iclas zalları var. Mədəniyyət Mərkəzində teatr tamaşaları, konsert proqramları, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsi üçün yüksək şərait yaradılacaq. Burada, həmçinin restoran, sərgi salonu və müxtəlif dərnəklər fəaliyyət göstərəcək. Mərkəzin ərazisində 260 yerlik avtomobil dayanacağının yaradılması da nəzərdə tutulub.
Dövlətimizin başçısı mərkəzin yenidən qurulması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB