Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib

Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə əsasən idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, Azərbaycan cəmiyyətinin birmənalı seçimi Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevdir.

Milli Məclisin deputatı Rauf Əliyev isə çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə Azərbaycanın qazandığı uğurlardan ətraflı şəkildə bəhs edib. Rauf Əliyev bildirib ki, bu illər ərzində ölkəmizin hər yerində abadlıq-quruculuq işləri gedib, bölgələrimizin siması dəyişib: "Dövlət başçısının gördüyü işlər ona xalqın inamını daha da gücləndirir. Azərbaycan bütün sahələr üzrə inkişaf edir. Bu inkişaf da Prezidentimizin siyasətinin nəticəsidir. Ölkəmiz nəinki regionda, bütün dünyada sürətlə inkişaf edir. Azərbaycan həmçinin, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Eyni zamanda, sabitlik və inkişaf baxımından da Azərbaycan dünyaya nümunədir. Bütün bu uğurların davamlı olması üçün biz seçkilərə getməli, cənab İlham Əliyevə səs verməliyik".

İdmançıların da bu uğurların şahidi olduğunu deyən, millət vəkilinin fikrincə, onlar da 9 oktyabrda cənab İlham Əliyevə səs verməklə firavan gələcəyə səs vermiş olacaqlar.

Tədbirdə həmçinin, Milli Məclisin deputatı Adil Əliyev, Olimpiya çempionu Fərid Mansurov, Əməkdar məşqçi Tofiq Eyvazov və başqaları çıxış edərək idmançıların seçiminin məhz cənab İlham Əliyev olduğunu vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə