Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü oktyabrın 2-də Kosalar kəndində keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Lənkəran ŞİH başçısının Kosalar inzibati ərazi dairəsi üzrə nümayəndəsi Habil Məmədov açaraq nümayəndəliyə daxil olan Kosalar və Başal Şürük kəndləri haqqında məlumat verib.
Görüş iştirakçılarından təqaüdçü Barat Yunusov, müəllimlər Sədail Ağayev, Mirəzim Əskərov və başqaları çıxış edərək son vaxtlar respublikamızda, o cümlədən rayonumuzda aparılan geniş quruculuq işlərindən danışıblar, həyata keçirilən sosial-iqtisadi proqramların vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasında müstəsna rol oynadığını bildiriblər, ərazidə görmək istədikləri yeniliklərlə bağlı təkliflərini İcra başçısının diqqətinə çatdırıblar.
Çıxış edənlər həmçinin bu gün dövlətimizin iqtisadi-siyasi cəhətdən güclənməsində, Azərbaycanın nüfuzunun beynəlxalq aləmdə artmasında əvəzsiz xidmətlər göstərmiş cənab Prezidentin həyata keçirdiyi daxili və xarici siyasəti hamılıqla dəstəklədiklərini, qarşıdan gələn 9 oktyabır prezident seçkilərində yekdilliklə Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevə səs verəcəklərini əminliklə söyləyiblər.
Görüşü yekunlaşdıran ŞİH-nin başçısı Taleh Qaraşov çıxışlarından ərazidə yaşayan insanların xaraktercə səmimi və qonaqpərvər, dövlətçiliyə və millətçiliyimizə möhkəm bağlı olduqlarının açıq sezildiyini söyləyib. Hazırda dövlətimizin siyasi gücünün hər gün daha da artmaqda olduğunu bildirən İcra başçısı bu işdə ölkə başçısının məqsədyönlü və gələcəyə hesablanmış siyasətinin mühüm rol oynadığını, hər bir azərbaycanlı kimi lənkəranlıların da bu uğurda cənab Prezidentə dəstək olmalarının vacibliyini vurğulayıb.
Taleh Qaraşov sonda sakinlər tərəfindən səsləndirilən təkliflərin qısa müddət ərzində həyata keçiriləcəyini bildirib.
Həmin gün Taleh Qaraşov şəhərin Mirzə Məmmədhüseyn Axund, Şeyx Zahid, Mirsalayev və Üzeyir Hacıbəyov küçələrinin sakinləri ilə görüşərək problemlərlə maraqlanıb.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Lənkəran ŞİH başçısının 1 nömrəli sahə üzrə inzibati ərazi dairəsinin nümayəndəsi Vidadi Dadaşov açaraq ərazidə yaşayan sakinlər haqqında məlumat verib.
Sonra ayrı-ayrı sakinlər çıxış edərək rayonumuzda gedən geniş abadlıq-quruculuq işlərindən danışıblar, şəhərdə salınan yeni park və bağların, inşa edilən yaşayış və məktəb binalarının, yeni uşaq bağçalarının, səhiyyə və mədəniyyət ocaqlarının sakinlərdə böyük sevinc hissi oyatdığını, insanlarda daha xoşbəxt gələcəyə inam formalaşdırdığını söyləyiblər. Bütün bu təqdirəlayiq işlərin həyata keçirilməsində böyük təşəbbüs göstərən cənab Prezidentə minnətdarlıqlarını ifadə ediblər, 9 oktyabır prezident seçkilərində hamılıqla cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Görüşdə həmçinin bir neçə vətəndaş şəxsi xahişləri ilə bağlı İcra başçısına müraciət edib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov görüşü yekunlaşdıraraq bu gün vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün respublikamızda həyata keçirilən dövlət proqramlarının, cənab Prezidentin regionların, xüsusilə də Lənkəranın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün imzaladığı sərəncamların icrasının hamıda yüksək əhval-ruhiyyə oyatdığını, bunun vətəndaşlarla münasibətdə aydın sezildiyini söyləyib. Bütün bunlara cavab olaraq vətəndaşların cənab Prezidentin ətrafında sıx birləşməsinin vacib olduğunu bildirən İcra başçısı dövlətimizin iqtisadi-siyasi maraqlarının müdafiəsində, bədxah qonşularımızın ölkəmizə qarşı apardığı düşmənçilik siyasətinin qarşısının alınmasında hamını cənab Prezident İlham Əliyevə dəstək olmağa səsləyib.
Taleh Qaraşov sonda görüş zamanı qaldırılan bir sıra məsələlərin həlli üçün aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlarını verib.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB