Lənkəranın icra başçısı növbəti görüşlərini Sütəmurdov və Qurunba kəndinlərində keçirib FOTOLAR

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü oktyabrın 2-də Sütəmurdov və Qurunba kəndinlərində keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, görüşlərdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Sütəmurdov kəndində Lənkəran ŞİH başçısının Sütəmurdov inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Hüseynov kənddə 4129 nəfər əhalinin yaşadığını bildirdi, bir sıra sosial problemləri İcra başçısının diqqətinə çatdırıb.

Sonra kənd sakinlərindən Fəxri Sadıqov, Qəribəli Cəfərov, Xeybər Xosrovov, Rahab Nəzərov, Fəxrəddin Canıyev və başqaları çıxış edərək kəndə təbii qaz xəttinin çəkilməsinə və su-kanalizasiya sisteminin yenilənməsinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər, məktəbə gedən yolun təmir olunmasını xahiş ediblər, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində yekdilliklə Ulu Öndərin siyasi kursunun davamçısına səs verəcəklərini əminliklə söyləyiblər.

Görüşü yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bildirib ki, cənab Prezident İlham Əliyevin Lənkərana göstərdiyi diqqət və qayğı sayəsində son 1 il ərzində rayonumuzda aparılan işlərə əhalinin verdiyi yüksək qiymət bizi daha yaxşı işləməyə ruhlandırır.

İcra başçısı həmçinin Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin tənəzzüldən inkişafa keçid almasından, son 10 il ərzində müasir Azərbaycanın tarixində böyük uğurların qazanılmasından, yeni layihələrin insanların həyat şəraitinə müsbət təsirindən danışıb, cənab Prezidentin rəhbərliyi altında şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsindən, ölkəmizin bütün sahələrində hökm sürən iqtisadi-siyasi sabitlikdən, dövlətimizin büdcəsinin sosial yönümlü olmasından, Azərbaycanda orta təbəqənin formalaşmasından, Azərbaycanın tolerant dövlət olmasından, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideyasından, hazırda Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında həyata keçirilən qlobal layihələrdən söz açıb. Taleh Qaraşov sonda məktəbə gedən yolun təmiri üçün müvafiq qurumların rəhbərlərinə operativ tapşırıqlarını verib.

Daha sonra göruş rayonun Qurunba kəndində baş tutub.

Qurumba inzibati ərazi dairəsinin nümayəndəsi Arzu Həsənov əraziyə daxil olan Qurumba və Narbağı kəndlərində 1527 nəfər əhalinin yaşadığını söyləyib, onların məşğuliyyəti barədə qısa məlumat verib, bəzi sosial-iqtisadi məsələləri İcra başçısının diqqətinə çatdırıb.

Ayrı-ayrı kənd sakinlərindən Təbriz Babayev, Ələddin Ramazanov, Yüzbaşı Ağayev, Əliqüdrət Təhməzli və başqaları çıxış edərək əraziyə təbii qazın verilməsi ilə əlaqədar Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevə və Lənkəran ŞİH-nin başçısı cənab Taleh Qaraşova minnətdarlıqlarını bildiriblər, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində dövlət başçımızın namizədliyini yekdilliklə dəstəkləyəcəklərinə söz veriblər.

Görüşü yekunlaşdıran İcra başçısı Taleh Qaraşov Azərbaycanın sürətlə inkişaf etdiyini, yeni iş yerlərinin açıldığını qeyd edib, cənab Prezidentin hər bir Azərbaycan vətəndaşının yaxşı və firavan yaşaması üçün təxirəsalınmaz və vacib tədbirlərin həyata keçirdiyini bildirib, bunun Lənkəranın timsalında aydın göründüyünü, yenidənqurma, tikinti və abadlıq işlərinin geniş vüsət aldığını söyləyib.

İcra başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətinin uğurlarından geniş bəhs edib, Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutduğunu diqqətə çatdırıb, paytaxt Bakının beynəlxalq yarışların və turnirlərin mərkəzinə çevrildiyini xüsusi vurğulayıb, Qarabağ konfliktinin tezliklə həllini tapacağını əminliklə söyləyib və hamını ölkə başçısının ətrafında sıx birləşməyə çağırıb. Taleh Qaraşov sonda qaldırılan təkliflərin icrası üçün aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə